İQTİSADİYYAT
Xəzər Dəniz Neft Donanmasında “iş vaxtının cəmlənmiş uçotu rejimi”nə keçid üzərində iş aparılır
Bakı, 13 sentyabr, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasında (XDND)“iş vaxtının cəmlənmiş uçotu rejimi”nə keçid müzakirə olunur.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, təklif telefonoqramma formasında bütün gəmi kapitanlarına göndərilib. Onlardan gəmi heyətinə təklif olunan metod haqqında izahat verməyi, əməkdaşların da bu barədə fikir və təkliflərini dinləyərək müvafiq departamentlərə çatdırmaq xahiş olunub. XDND-nin üzən heyət üzvlərinin “iş vaxtının cəmlənmiş uçotu rejimi”nə münasibəti öyrənildikdən sonra bu barədə müvafiq qərar qəbul ediləcək.
Ötən ilin avqust ayından ASCO-nun Dəniz Nəqliyyat Donanmasında “iş vaxtının cəmlənmiş uçotu rejimi” tətbiq olunur. Ötən dövr ərzində bu rejimdə çalışan heyət üzvlərinin iş və istirahət vaxtını tənzimləyən ASCO-ya məxsus gəmilərdə üzən heyət üzvlərinin xüsusi “İş vaxtının cəmlənmiş uçotu Qaydaları” təsdiq edilib, üzən heyət üzvlərinin ştat cədvəlləri işlənib hazırlanıb, rejimə keçidə qədər və keçiddən sonrakı göstəricilərin təhlili aparılıb və yeni rejimin üstünlükləri praktikada da təsdiqini tapıb. Belə ki, bu rejim gəmilərdə sabit heyət formalaşmasına zəmin yaradır. Bu zaman hər bir heyət üzvü əvvəlcədən təsdiq edilmiş iş-istirahət qrafikinə əsasən iş və istirahət vaxtlarını bilir və istirahət bitdikdən sonra öz gəmisində növbəsinə başlayır.