ELM VƏ TƏHSİL
Xəzər Universiteti isveçrəli tələbələrin iştirakı ilə proqram həyata keçirir
Bakı, 1 sentyabr, Elvira Məmmədova, AZƏRTAC
Xəbər verdiyimiz kimi, İsveçrənin Sürix Universitetinin professoru, Təhsil Fondunun rəhbəri, teologiya və hüquq üzrə mütəxəssis Kla Famosun rəhbərliyi ilə bir qrup tələbə sentyabrın 1-dən 3-dək Azərbaycanda tanışlıq səfərində olacaq. Səfər İsveçrə Təhsil Fondunun (Swiss Study Foundation) təşkilatçılığı, Xəzər Universitetinin əməkdaşlığı və dəstəyi ilə həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, sentyabrın 1-də Xəzər Universitetində proqramın açılışı olub.
Tədbirdə Xəzər Universitetinin yeni təyin olunmuş rektoru, professor Həsən Niknafs proqramın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıb.
Sonra proqramın əlaqələndiricisi Fərid Quliyev layihənin gedişatı barədə məlumat verib.
Bildirilib ki, proqramda İsveçrənin müxtəlif universitetlərində (o cümlədən Bern, Sürix, Bazel, Sankt-Qallen universitetləri) humanitar-sosial, tibb və təbiət elmləri, iqtisadiyyat və digər sahələr üzrə təhsil alan 15 bakalavr, magistr və doktorant iştirak edir. Səfər çərçivəsində tələbələrə Azərbaycanın iqtisadi inkişafı, ölkədə gedən sosial proseslər barədə bir sıra mühazirələr oxunacaq. Bununla yanaşı, Azərbaycanın zəngin mədəniyyəti ilə tanışlıq üçün bir sıra muzey və digər tarixi abidələrə səfərlər nəzərdə tutulur.
Xəzər Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru Fərda Əsədov isveçrəli tələbələrə bu ali təhsil ocağının fəaliyyəti, burada həyata keçirilən beynəlxalq layihələr, doktorantların apardığı elmi tədqiqatlar barədə danışıb, sualları cavablandırıb.