“Xocalı: Səhnələşən yaddaş” adlı ədəbi-bədii tədbir keçirilib VİDEO
Bakı, 25 fevral, Günel Türksoy, foto Azər İbrahimov, video Ceyhun Mustafayev, AZƏRTAC
Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Gənclər Fondunun, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Xocalı: Səhnələşən yaddaş” adlı ədəbi-bədii anım tədbiri olub.
AZƏRTAC xəbər verir ki, tədbir Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin dərin ehtiramla yad edilməsi, faciənin
tarixi həqiqətlərinin gənc nəslə çatdırılması və milli yaddaşın qorunmasına töhfə verilməsi məqsədi daşıyıb. Eyni zamanda, tədbir gənclər arasında tarixi məsuliyyət hissinin gücləndirilməsi və Xocalı həqiqətlərinin ictimai şüurda yaşadılması baxımından əhəmiyyətli olub.
Ədəbi-bədii anım proqramı rəsmi açılış mərasimi ilə başlayıb. Dövlət Himni səsləndirilib, Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış hissəsində təşkilatçı qurumların nümayəndələri, eləcə də faciənin canlı şahidləri çıxış edərək Xocalı soyqırımının milli yaddaşımızdakı yerindən, bu həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyindən və gənclərin bu istiqamətdə rolundan bəhs ediblər.
Tədbir çərçivəsində Xocalı faciəsinə həsr olunmuş musiqili kompozisiyalar və səhnə təqdimatları nümayiş etdirilib. Respublika və beynəlxalq müsabiqələrin qalibi Həzrət Əzizlinin ifasında “Bayatı-Şiraz”, Nuray Hacızadənin ifasında “Ananın səsi”, Kənan Nizamovun ifasında “Amin”, Əli Rüstəmbəylinin ifasında “Xocalı ağrısı”, Hüseyn Nağıyevin ifasında “Ömrün səhifələri” və Anar Həmidlinin ifasında “Odlar Yurdu” kompozisiyaları tamaşaçılara təqdim olunub. İfaçılar musiqiçilərin müşayiəti ilə faciənin ağrısını və xalqımızın yaddaşında buraxdığı izləri bədii formada canlandırıblar.
Proqram çərçivəsində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən hazırlanmış Xocalı həqiqətlərinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Videoçarxda Xocalı şahidlərinin çıxış və xatirələri yer alıb, onların ifadələri vasitəsilə faciənin canlı yaddaşı auditoriyaya çatdırılıb.