MƏDƏNİYYƏT
Xocalı soyqırımının 23-cü ildönümü Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən silsilə tədbirlərlə qeyd olunacaq
Bakı, 28 yanvar, Abdulla Suvar, AZƏRTAC
Bildiyiniz kimi, 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən silsilə tədbirlər keçirildi. Şəhidlərimizi çox böyük hörmət və ehtiramla andıq. Bu istiqamətdə işlərimizi davam etdirəcəyik. Belə ki, Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı da bir sıra tədbirlərin təşkilini planlaşdırırıq.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə AZƏRTAC-a eksklüziv müsahibəsində deyib ki, soyqırımı qurbanlarının xatirəsi qardaş Türkiyədə də qeyd olunacaq. Türkiyənin Adana Simfonik Orkestri tərəfindən Xocalı faciəsinə həsr olunan mənim müəllif konsertim təşkil olunacaq. Konsertdə operamdan parçalar və başqa əsərlərim səslənəcəkdir.
Eyni zamanda faciənin 23-cü ildönümü ərəfəsində Bəstəkarlar İttifaqında tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Azər Dadaşovun Xocalı faciəsinə həsr edilmiş yeni bir əsəri təqdim olunacaq. Bəstəkarın qaboy və simli orkestr üçün yazılmış “Oda” əsəri ilk dəfə səslənəcək.
F.Əlizadə deyib ki, 2 fevral – Gənclər Günü münasibətilə Azərbaycan Bəstəkarlar İttifaqında təqdimatlar olacaq. Bu artıq ənənəvi xarakter alıb. Ötən müddət ərzində 10-a yaxın gənc bəstəkarımız Gənclər və İdman Nazirliyinin mükafatına layiq görülüb. Biz Azərbaycan musiqisinin təbliğində səy göstərən, xidməti olan hər kəsə mükafatlar təqdim edirik. Eyni zamanda, bu ərəfədə gənc bəstəkarların konserti də təşkil olunacaq.