DÜNYA
Yanvar ayında Madrid və London rəsmiləri görüşərək Brexitdən sonra Hibraltarın taleyini müzakirə edəcəklər
Madrid, 24 dekabr, AZƏRTAC
Brexit prosesinin labüdlüyü İspaniyanın qarşısında xüsusi vəzifə qoyur: Hibraltarın Avropa İttifaqından çıxması barədə danışıqlar aparılmalıdır. Yanvarın ortalarında İspaniya və Böyük Britaniya hökumətləri Britaniyanın bu müstəmləkəsinə dair dialoqa başlayacaqlar.
Danışıqların məqsədi Aİ-dən çıxış zamanı yarana biləcək hər hansı ixtilaf və anlaşılmazlıqları aradan qaldırmaq, tütünün qiymətinin artması, polisin əməkdaşlığı, gömrük nəzarəti, ətraf mühit kimi mühüm məsələlər barəsində Hibraltar ilə Kampo-de-Hibraltar arasında şərtləri razılaşdırmağa cəhd etməkdən ibarətdir.
Avropa Komissiyasının sədrliyi ilə dördüncü komitə yaradılacaq. Bu komitə icmanın bütün vətəndaşlarının (Skalada ispanlar da daxil olmaqla 15 minə yaxın insan işləyir) işləri ilə məşğul olacaq.
Hibraltarın baş naziri Fabian Pikardonun sözlərinə görə, Hibraltar hökumətinin prioriteti ondan ibarətdir ki, regionun Aİ-dən çıxması hər iki istiqamətdə sərhədi keçən vətəndaşların həyatına təsir göstərməsin. Buna isə, yalnız bütün tərəflərin xoş məramının köməyi ilə nail olmaq mümkündür. Bütün əlaqədar tərəflər üçün sərhədin şəffaflığını birgə səylərlə təmin etmək olar.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid