İQTİSADİYYAT
Yaponiya Azərbaycan ilə İKT sahəsində əməkdaşlıqda hər zaman maraqlıdır
Bakı, 27 fevral (AZƏRTAC). Yaponiya Azərbaycan ilə informasiya kommunikasiya texnologiyaları (İKT) sahəsində əməkdaşlıqda hər zaman maraqlıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən Azərbaycan ilə Yaponiya arasında peyk və kosmik sənayenin inkişafına həsr olunmuş seminarda jurnalistlərə müsahibə verən Yaponiya nümayəndə heyətinin rəhbəri, “Mitsubishi Electric Corporation” şirkətinin böyük vitse-prezidenti Takaşi Sasakava demişdir.
T.Sasakava bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü ili İnformasiya-kommunikasiya texnologiyaları ili elan etməsi və Azərbaycanın ilk peyki olan “Azerspace-1”-in məhz bu il orbitə buraxılması çox böyük bir hadisədir. Bu gün keçirilən seminar da məhz Yaponiya hökuməti ilə Azərbaycan arasında peyk sənayesinin inkişafı istiqamətində əlaqələrin qurulması üçün təşkil olunmuşdur.
Yaponiya nümayəndə heyətinin rəhbəri vurğulamışdır ki, biz Azərbaycan ilə təkcə neft sektorunda deyil, qeyri-neft sektorunda, o cümlədən İKT və peyk sahəsində də əlaqələri davam etdirmək niyyətindəyik. Əminəm ki, bu seminar gələcəkdə Yaponiya ilə Azərbaycan arasında investisiya əlaqələrinin genişlənməsinə töhfəsini verəcəkdir.