DÜNYA
Yaponiya Myanmadan olan qaçqın Rohinca müsəlmanlarına 2 milyon dollar dəyərində humanitar yardım göndərəcək
Bakı, 28 yanvar, AZƏRTAC
Yaponiya Myanmadan olan qaçqın Rohinca müsəlmanlarına 2 milyon dollar dəyərində humanitar yardım göndərəcək.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir. Yardım BMT-nin Ümumdünya Ərzaq Proqramı və Qaçqınlar üzrə Ali Komissarlığı vasitəsilə çatdırılacaq. Banqladeşin xarici işlər naziri Məsud Bin Momen ötən həftə ölkəsinin hələ də məcburi köçkün olan bir milyondan çox Myanma vətəndaşını qəbul etmək kimi bir problemlə üz-üzə qaldığını bildirmişdi.
Xatırladaq ki, 2017-ci ilin avqustundan etibarən Myanmada ordu tərəfindən 24 min Rohinca müsəlmanı qətlə yetirilib, əksəriyyəti qadın, uşaq və qocalar olmaqla 75 mindən çox insan didərgin salınıb. Bundan başqa, 18 min müsəlman qadın əsgərlər və polis tərəfindən zorlanıb, 115 min ev yandırılıb. Bir milyonadək Rohinca təqiblərdən yaxa qurtarmaq üçün qonşu Banqladeşə qaçmağa məcbur olub.