DÜNYA
Yaponiyada təbii fəlakət nəticəsində həlak olanların sayı 175 nəfərə çatıb
Tokio, 11 iyul, AZƏRTAC
Rəsmi mənbələrin yaydığı məlumata görə, Yaponiyanın qərbində güclü yağışlar nəticəsində yaranan torpaq sürüşməsi və daşqınlar səbəbindən həlak olanların sayı 175 nəfərə çatıb.
Hələ də 71 nəfər itkin düşmüş hesab edilir. Ən çox zərər çəkən Hiroşima prefekturasında həlak olanların sayı 88-ə çatıb. İyulun 11-də Yaponiya Meteorologiya Agentliyinin yaydığı məlumata görə, ölkənin bir çox rayonlarında havanın temperaturu 30 dərəcə selsini ötüb.
Yaponiyanın qərbində zərər çəkən rayonlardan təxliyə olunanlara istidən və qida zəhərlənmələrindən qorunmaq tövsiyə olunur. Sinoptiklər təxliyə edilənlərlə yanaşı, bərpa işlərində iştirak edənləri çoxlu maye qəbul etməyə və günvurmadan qorunmağa çağırırlar.
Yaponiyanın İstehlak İşləri Agentliyi qida zəhərlənmələri ilə əlaqədar xəbərdarlıqla çıxış edərək bildirib ki, təbii fəlakət rayonlarından olan insanlar bəzi mühafizə məntəqələrində qəbul etdikləri qida məhsullarından zəhərləniblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio