DÜNYA
Yaponiyada təbii fəlakət nəticəsində ölənlərin sayı 157-yə çatıb
Tokio, 11 iyul, AZƏRTAC
Yaponiyanın qərb rayonlarında leysan yağışlar, daşqınlar və torpaq sürüşmələri nəticəsində həlak olanların sayı 157 nəfərə çatıb.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, rəsmi məlumatlara görə 56 nəfər itkin düşüb.
Ən böyük zərərin 58 nəfərin həlak olduğu Hiroşima prefekturasına dəydiyi bildirilir.
Baş nazir Şinzo Abe bildirib ki, hökumət ölkənin qərb rayonlarında görünməmiş leysan yağışlar nəticəsində dəyən zərəri aradan qaldırmaq məqsədilə humanitar yardımlar üzrə ehtiyat fonddan istifadə etmək niyyətindədir.
Ş.Abe qeyd edib ki, təxliyə məcburiyyətində qalan çoxsaylı sakinlər hazırda güclü istilər nəticəsində fiziki və psixoloji çətinliklərlə qarşılaşıblar. Hökumət zərərçəkən rayonlara yardımların çatdırılması üçün ehtiyat fonddan 18 milyon dollar vəsait ayırıb. Bu məqsədlə yerli sakinlərin müraciətlərini gözləmədən həmin ərazilərə kondisionerlərin, su və digər tələbat vasitələrinin göndərilməsi üçün müvafiq orqanlara təlimatlar verilib.
Baş nazir əlavə edib ki, yüklərin çatdırılması məqsədilə lazımi tədbirlər görülür. Bununla yanaşı, fəlakət rayonlarından ilkin tələbat əşyalarına kəskin ehtiyac duyulduğu barədə məlumatlar daxil olmaqda davam edir. Həmin çatışmazlıqların aradan qaldırılması üçün avtomobillərin ayrılması barədə göstəriş verilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio