DÜNYA
Yaponiyada təsis edilən Ninza Günü əcnəbi turistlərin sayının artmasına təkan verəcək
Tokio, 23 fevral, AZƏRTAC
Yaponiyada ninza ənənələri ilə tanınan Ayçi prefekturasının iki bələdiyyəsinin təşəbbüsü ilə qeyd edilən Ninza Günü ölkəyə daha çox əcnəbi turistin cəlb edilməsinə təkan verəcək. Yaponiya Turizm Nazirliyi fevralın 22-də ninza mədəniyyətini özündə əks etdirən xüsusi layihəyə start verib.
Əsasən uşaqların və yeniyetmələrin qəhrəmanları olan bu “gözəgörünməz kəşfiyyatçılar” barədə tarixi ənənənin formalaşdığı bələdiyyələrin təşəbbüsü ilə Yaponiyada Ninza Günü 2015-ci ildən qeyd edilir. Bayram kimi məhz həmin günün seçilməsi isə yapon dilində iki rəqəminin “nin” kimi səslənməsi və həmin sözün ninza kəlməsinin kökündə dayanması ilə əlaqələndirilir.
Nazirlik tərəfindən elan edilən yeni layihə Ninza Akademiyasının və Muzeyinin yaradılmasını, orta əsr Yaponiyasında məşhur olan bu döyüşçülərlə bağlı məlumat əldə etmək üçün regionlara turların təşkilini nəzərdə tutur.
Layihəni alqışlayan Yaponiya Ninza Şurasının sədr müavini Hiroşi Mizohata deyib: “Ninzalar özlərində yapon ruhunu, mədəniyyətini, sülh, sadiqlik, texnika, intellekt, çalışqanlıq və dözümlülük kimi dəyərləri birləşdirirdilər”.
Layihə 2020-ci ildə Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunları çərçivəsində də həyata keçiriləcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio