DÜNYA
Yaponiyanın Baş naziri ASEAN ölkələrini ərazi mübahisələrini tənzimləmək üçün dəniz qaydalarını işləyib hazırlamağa çağırmışdır
Tokio, 19 noyabr (AZƏRTAC). Yaponiyanın Baş naziri Yoşihiko Noda Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) üzvü olan ölkələrin liderlərini Cənubi-Çin dənizində ərazi mübahisələrini tənzimləmək üçün dəniz qaydalarını işləyib hazırlamağa çağırmışdır.
Noyabrın 19-da səhər Yaponiyanın Baş naziri Kambocanın paytaxtı Pnompen şəhərində keçirilən ASEAN sammiti çərçivəsində bu assosiasiyanın Şərqi Asiya dövlətləri ilə görüşündə iştirak etmişdir.
Həmin görüşdə çıxış edən Y.Noda bildirmişdir ki, o, ASEAN ölkələrinin Çinlə ərazi mübahisələrini həll etməsi üçün icbari hüquqi normaların işlənib hazırlanmasını istəyir.
ASEAN üzvü olan Filippin və Vyetnam kimi ölkələrlə Çin arasında ayrı-ayrı adalara görə mübahisə mövcuddur. Rəsmi Tokio da Çərqi-Çin dənizində yerləşən Senkaku adalarına görə Pekinlə konflikt vəziyyətindədir.
Baş nazir Yaponiyanın ASEAN ölkələrinin 2015-ci ilədək regional inteqrasiya barədə təklifini müdafiə etməyə hazır olduğunu da bildirmişdir.
Bundan əlavə, Y.Noda Yaponiya ilə ASEAN arasında əlaqələrin yaranmasının 40 illiyi ilə bağlı 2013-cü ildə Tokioda xüsusi sammitin keçirilməsini də təklif etmişdir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio