CƏMİYYƏT
Yasamal rayonunda aztəminatlı ailələrin uşaqları üçün Kompyuter Mərkəzi açılmışdır
Bakı, 1 dekabr (AZƏRTAC). Yasamal rayonunda 24 nömrəli Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzində aztəminatlı ailələrin uşaqları üçün Kompyuter Mərkəzinin açılışı olmuşdur.
AZƏRTAC xəbər verir ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Respublika Uşaq Təşkilatının birgə təşəbbüsü ilə açılan mərkəzdə eyni vaxtda 200 şagird kompyuterdən istifadə edə biləcəkdir.
Açılış mərasimində çıxış edən Respublika Uşaq Təşkilatının sədri, Milli Məclisin deputatı Gülər Əhmədova təhsilin inkişafına dövlətin yüksək diqqət və qayğısını xüsusi vurğulamışdır. O, aztəminatlı və valideyn himayəsindən məhrum uşaqlar üçün Kompyuter Mərkəzinin açılmasını bu yöndə kiçik bir töhfə kimi qiymətləndirmişdir.
Məlumat verilmişdir ki, mərkəzin kompyuter avadanlığı ilə təchiz edilməsini, müəllimlərin xərclərinin ödənilməsini isə RİTN öz üzərinə götürmüşdür.
Sonra qonaqlar yenicə təmirdən çıxmış sinif otaqları ilə tanış olmuşlar.