CƏMİYYƏT
Yasamal rayonunda fəaliyyət göstərən “İmedis” klinikasında dələduzluq faktı aşkar edilmişdir
Bakı, 7 avqust (AZƏRTAC). Daxil olmuş vətəndaş şikayətləri əsasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları Yasamal rayonunda fəaliyyət göstərən “İmedis” klinikasında dələduzluq faktı aşkar etmişlər.
Klinikada həkim işləyən Şəlalə Əzimovanın “İmedis expert” aparatlarından istifadə edərək müayinə və müalicə etmək adı ilə paytaxt sakinləri Faiq Baxışovu, Seyrulla Abdullayevi və Abşeron rayon sakini Cəsarət Baxşəliyevi aldadaraq onlardan müvafiq olaraq 615, 300 və 160 manat pul alması müəyyən edilmişdir.
Klinikaya baxış zamanı beş ədəd “İmedis expert” proqramının yazıldığı yaddaş kartı, 8 ədəd “İmedis expert” aparatı, 5 ədəd kompüter, 1 ədəd prosessor aşkar edilərək götürülmüşdür.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə BMCMİ-nin istintaq şöbəsində cinayət işi başlanmış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.