Yasamal rayonunda ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib
Bakı, 4 aprel, AZƏRTAC
Aprelin 4-də 21 nömrəli tam orta məktəbdə ilk dəfə səs verəcək yasamallı gənclərin iştirakı ilə “Sənin səsin-sənin gələcəyin” devizi altında toplantı keçirilib.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən (BŞGİBİ) AZƏRTAC-a bildiriblər ki, tədbirin məqsədi gənclər arasında seçki prosesinin və seçkilərdə iştirakın təbliği, ilk dəfə səs verən gənclər üçün maarifləndirmə işinin təşkili, həmçinin gənclərin seçkilərdə fəallığının təmin edilməsidir.
Yasamal rayon gənclər və idman idarəsinin rəisi İlham Səfərov, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin məsul əməkdaşı Kənan Firdovsioğlu, BŞGİBİ-nin rəisi Raqif Abbasov, 17 saylı Yasamal III dairə seçki komissiyasının sədri Qədir Kərimov çıxışlarında hər bir vətəndaşın seçkilərdə fəal iştirakının önəmini qeyd edib. Çıxış edənlər seçki prosesi, səsvermə və s. məsələlərlə bağlı gənclərə ətraflı məlumat verib, onların suallarını cavablandırıblar.
Sonra zalda təşkil edilmiş seçki məntəqəsində səsvermə günü proseduru məntəqə üzvləri tərəfindən əyani şəkildə gənclərə nümayiş etdirilib.
Sonda aprelin 11-də 18 yaşı tamam olacaq Maya və Şəmsiyyə Məmmədzadə bacılarına xatirə hədiyyələri verilib.
Tədbirdə ilk dəfə səs verəcək 145 gənc iştirak edib.