CƏMİYYƏT
Yasamalda dini icmaların nümayəndələri ilə görüş keçirilib
AZƏRTAC xəbər verir ki, əvvəlcə görüş iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstünü ziyarət ediblər.
Tədbiri açan İ.Mehdiyev bu görüşün dini icmaların gələcək fəaliyyəti baxımından əhəmiyyətini qeyd edib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbə müdiri Anar Kazımov rayondakı mövcud dini durum, dini icmalar, eləcə də məscid və ziyarətgahlarla bağlı geniş məlumat verib. O qeyd edib ki, müxtəlif konfessiyaların yaşadığı bölgədə icmalar arasında tolerant münasibətlər mövcuddur.
Komitənin sədri M.Qurbanlı çıxış edərək bildirib ki, müstəqilliyimizin bərpasından sonra xalqımızın milli mənəvi dəyərlərinə qayıdışı prosesi sürətlənib. Bu istiqamətdə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edən sədr hazırda Prezident İlham Əliyevin milli mənəvi dəyərlərimizin inkişafı istiqamətində həyata keçirdiyi işlərdən danışıb.
Son illərdə ölkəmizdə milli mənəvi dəyərlərimizə dövlət qayğısının daha da artdığını diqqətə çatdıran M.Qurbanlı Prezident İlham Əliyevin təşəbbüsü ilə əsaslı təmir və bərpa olunan ibadət ocaqlarının, ziyarətgahların sayının gündən-günə çoxaldığını bildirib. “Bu gün ölkəmizdə dinlərarası münasibətlər yüksək səviyyədədir. Hər kəsin dini etiqad azadlığı var. Lakin bununla yanaşı, milli mənəvi dəyərlərimizin tərkib hissəsi olan, o cümlədən ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi İslam dini və mədəniyyətinin düzgün təbliği prioritet məsələlərdəndir”, - deyə komitə sədri əlavə edib.
Sonda M.Qurbanlı görüş iştirakçılarını maraqlandıran sualları cavablandırıb.