CƏMİYYƏT
Yaşayaq və yaşadaq!
Bakı, 14 iyun, AZƏRTAC
Ümumdünya Qan Donoru Günü münasibətilə B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda keçirilən tədbirin iştirakçıları arasında həkim-immunoloqlar, jurnalistlər və qonaqlarla yanaşı donorlar da çoxluq təşkil edirdi. Axı budəfəki tədbirin əsas qəhrəmanları onlar idi…
Tədbiri giriş sözü ilə açan institutun direktoru Zöhrə Əlimirzəyeva Qan Donoru Gününün tarixini, bu ilki tədbirin əsas məqsədlərini xatırladıb və onun səhiyyə üçün əhəmiyyətindən danışaraq deyib: “Ciddi xəsarət, əməliyyat, kəskin qanaxma, hematoloji və onkoloji xəstəliklər, ağır doğuşlar, mürəkkəb əməliyyatların icrası zamanı qan və onun komponentləri insan həyatını xilas edir. Qanı başqa heç bir preparatla əvəz etmək mümkün deyil, onu yalnız sağlam donordan əldə etmək olar.
Orqanizmdə qanın müəyyən kritik həddi mövcuddur və həmin həddi aşanda qan ehtiyatını artırmaq lazım gəlir. Həmin ehtiyat olmayanda insanın həyatını itirməsi qaçılmazdır. Ona görə də donorun verdiyi 400 milliqram qanın bir ömrü, bir insan həyatını xilas etdiyi barədə deyilənlər həqiqəti əks etdirir”.
Mərkəzi Qan Bankının müdiri Pərvanə Hacıyeva çıxış edərək son illər Almaniya, Rusiya və digər ölkə alimlərinin süni qan yaradılması barədə apardıqları axtarışlardan danışaraq onun orqanizmə ancaq oksigen daşıdığını və təbii qanı əvəz edə bilmədiyini söyləyib. Onun verdiyi məlumata görə, son illər aparılan təbliğat və maarifləndirmə işi qan verilməsi sahəsində çox böyük irəliləyiş yaradıb. 2011-ci ildə 195 müəssisədə qanvermə aksiyası təşkil edilmişdisə, keçən il həmin kampaniya 356 müəssisədə aparılıb və onun 291-i Mərkəzi Qan Bankının əməkdaşlarının iştirakı ilə keçirilib. Ötən il qan verən 85,8 min donorun 45,9 min nəfərə yaxını Qan Bankına gələrək qan verib. Bankın müdiri iştirakçıların nəzərinə onu da çatdırıb ki, ölkə üzrə əldə edilən qanın miqdarı 2010-cu ildə 21 ton 131 litrdən keçən il 40 ton 327 litrə çatdırılıb.
Donorlar adından Qızıl Aypara Cəmiyyəti Sumqayıt təşkilatının sədri Mətanət Məhərrəmova, Paşa Əliyev, “Layf” İctimai Birliyinin sədri Emin Vəliyev çıxış edərək donor fəaliyyətinin vacibliyi və gərəkliyi barədə danışıblar. Özü donor olmasa da, bu işin cəmiyyət üçün böyük sosial əhəmiyyət daşıdığını qeyd edən Mətanət Qaraxanova qan verməyin orqanizm üçün də faydalı olduğunu bildirib.
Tədbirin sonunda İnstitutun direktoru əvvəllər keçirilən tədbirlərdən birinin şüarını xatırladıb: “Hər bir qan verən donor qəhrəmandır”. Fədakar donor əməyinə bundan gözəl necə qiymət vermək olar?