İQTİSADİYYAT
Yəhya Babanlı: Samsundakı səyyar “ASAN xidmət”mizin əsas məqsədi vətəndaşlarımızın sənədləri ilə bağlı üzləşdikləri çətinlikləri aradan qaldırmaqdır
![Yəhya Babanlı: Samsundakı səyyar “ASAN xidmət”mizin əsas məqsədi vətəndaşlarımızın sənədləri ilə bağlı üzləşdikləri çətinlikləri aradan qaldırmaqdır](/files/2022/3/1200x630/166210499254033674_1200x630.png)
İstanbul, 2 sentyabr, AZƏRTAC
Bu il Türkiyədə keçirilən “TEKNOFEST”-də Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə səyyar “ASAN xidmət”in fəaliyyəti həyata keçirilir. Bunun əsas məqsədi qardaş ölkədə yaşayan Azərbaycan vətəndaşlarının bu sahə üzrə problemlərini aradan qaldırmaqdır. Səyyar “ASAN xidmət” burada vətəndaşlarımızın sənədlərinin qaydada olması, bununla bağlı üzləşdikləri çətinliklərin aradan qaldırılması istiqamətində fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyədə keçirilən “TEKNOFEST-2022 Qara Dəniz” Azərbaycan mediasına müsahibəsində Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Yəhya Babanlı deyib.
Bu prosesin sadəcə Samsunla yekunlaşmayacağını, Türkiyənin digər bölgələrində də səyyar “ASAN xidmət”in fəaliyyətinin davam edəcəyinə əminliyini ifadə edən Yəhya Babanlı deyib: “Bundan əlavə, azərbaycanlıların kompakt yaşadığı digər ölkələrdə də bu kimi fəaliyyətlərimizin olacağına ümid edirik. Bunun da əsas məqsədi xaricdəki həmvətənlərimizin orada rahat və leqal yaşamaları üçün bütün sənədlərinin qaydasında olmasıdır”.
Samsundakı səyyar “ASAN xidmət” mərkəzinə vətəndaşlarımızın müraciətlərinin davam etdiyini deyən müsahibimiz bütün bu şəxslərin xidmətlərdən faydalandıqlarını bildirib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul