ELM VƏ TƏHSİL
Yekun qiymətləndirmə ilə bağlı seminarlar başa çatıb
Bakı, 31 oktyabr, AZƏRTAC
Paytaxtda ümumtəhsil müəssisələrində təhsil alanların biliyinin yekun qiymətləndirilməsinin təşkili sektorunun əməkdaşları tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rayon əlaqələndiriciləri və Təhsil Nazirliyinə birbaşa tabe olan təhsil müəssisələrinin əlaqələndiriciləri üçün seminarlar aparılıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, seminar iştirakçılarına təqvim planının bəndləri üzrə görüləcək işlər barədə ətraflı məlumat verilib və bu işlərin vaxtında və dəqiq yerinə yetirilməsinin zəruriliyi qeyd olunub. “Şagird-Məzun” sistemindən istifadə qaydaları, həmçinin şagirdlərin internet üzərindən öz məlumatları ilə tanış olmaq imkanları əyani nümayiş etdirilib.
İştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Rayon və təhsil müəssisələrinin əlaqələndiricilərinə “Şagird-məzun” sistemi üzrə təlimat kitabçaları paylanılıb.
2015/2016-cı tədris ili üçün ümumtəhsil müəssisələrində yekun qiymətləndirmə ilə bağlı təqvim planı üzrə seminarların keçirilməsi mərhələsi başa çatıb.