SİYASƏT
YENİ AZƏRBAYCAN PARTİYASI ASTARA RAYON TƏŞKİLATI PARTİYANIN SƏDRİ İLHAM ƏLİYEVİN PREZİDENT SEÇKİLƏRİNDƏ QƏLƏBƏSİNİ BÖYÜK TƏNTƏNƏ İLƏ QEYD ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, prezident seçkilərində İlham Əliyevin böyük üstünlüklə qələbə qazanması ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatı oktyabrın 16-da şəhərin Heydər Əliyev parkında bayram mərasimi keçirmişdir.
YAP Astara rayon təşkilatının sədri Natiq İbadov prezident seçkilərində partiyanın sədri İlham Əliyevin digər namizədlərə böyük üstünlüklə qalib gəlməsi münasibətilə partiya üzvlərini və rayon ictimaiyyətini təbrik etmişdir. Natiq rayondakı 2 seçki dairəsinin əhatə etdiyi 68 seçki məntəqəsində qeydiyyata alınmış 52055 nəfər seçicidən 39325 nəfərinin, başqa sözlə, seçicilərin 94 faizinin İlham Əliyevə səs verdiyini diqqətə çatdırmışdır.
Rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev, rayon ağsaqqallar şurasının sədri Hamlet Əliyev və başqaları çıxış edərək ölkəmizin hər yerində olduğu kimi, Astara rayonunda da prezident seçkilərinin azad, demokratik və şəffaf keçirildiyini vurğulamışlar. Onlar prezident seçkilərində İlham Əliyevin qələbə çalması münasibətilə rayon əhalisini və partiya üzvlərini təbrik etmiş, növbəti 5 illik fəaliyyəti dövründə dövlətimizin başçısına uğurlar arzulamışlar.
Astara rayon mədəniyyət evinin «Sevinc» xalq çalğı alətləri ansamblı maraqlı konsert proqramı ilə çıxış etmişlər.
Tədbirin sonunda meydanda bayram atəşfəşanlığı olmuşdur.