Yeni il baharda gəldi
Murmansk, 24 mart (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, Murmansk vilayət hökuməti və Murmansk vilayət duması tərəfindən təsis edilmiş “Murmanski vestnik” qəzetinin 24 mart tarixli nömrəsində “69-cu paralel. Bayram” rubrikası altında Novruz bayramına həsr edilmiş məqalə dərc olunmuşdur.
“Yeni il baharda gəldi” adlı məqalədə Murmanskdakı “Laplandiya” yaradıcılıq sarayında Novruz bayramının qeyd edilməsindən söhbət açılır. Məqalədə göstərilir ki, Azərbaycan xalqı Novruzu baharın gəlişi kimi, yeni astronomik ilin başlanğıcı kimi bayram edir. Zapolyarye regionunun paytaxtında Novruz bayramını Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) Murmansk vilayət bölməsinin nümayəndələri təşkil etmişlər. Mərasimin keçirildiyi böyük zalda qoyulmuş masaların üstündə bayram süfrəsi açılmışdı. Murmansk vilayət ictimai palatasının üzvü Afil Qurbanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Novruz bayramı münasibətilə təbrikini oxumuşdur.
Məqalədə deyilir: “Bu gün Murmanskda yaşayan azərbaycanlılar Azərbaycanla Rusiya arasında hərtərəfli əlaqələrin daha da möhkəmlənməsi işində öz xalqını ləyaqətlə təmsil edirlər. Yeri gəlmişkən, Novruz bayramını “Laplandiya”da qarşılamağa gələnlər təkcə azərbaycanlılar deyildi. Vilayət duması sədrinin müavini Aleksandr Krupaderov, region hökumətinin ictimai təşkilatlarla qarşılıqlı əlaqə və gənclərin işləri üzrə komitənin məsləhətçisi Rimma Nikolayeva, Kola şəhər administrasiyasının başçısı Qriqori Şapovalov və başqaları qardaş xalqın nümayəndələrini təbrik etmişlər”. Bayram mərasimində ÜAK-ın regional bölməsinin sədri Afil Hüseynova, Azərbaycanlı Gənclər Təşkilatının sədri Emin Səfiliyə, həmçinin Azərbaycan diasporunun fəal üzvləri Sadiq Salmanov, Fəxrəddin İbadov və Məmmədağa Məmmədova vilayət dumasının təşəkkür məktubları təqdim edilmişdir. Təşəkkürnamələrdə bu şəxslərin xalqlarımız arasında dostluğun daha da möhkəmlənməsi, Azərbaycanın milli-mənəvi və mədəni dəyərlərinin qorunub saxlanması və təbliği işinə verdiyi töhfələr qeyd edilmişdir. Azərbaycanlı gənc artistlərin çıxışı qonaqlar üçün xoş sürpriz oldu.
Murmansk vilayət hökumətinin saytında (www.gov-murman.ru) “Vətəndaş cəmiyyəti” bölməsində yerləşdirilmiş “Murmansksayağı Novruz” sərlövhəli məqalədə Novruzun tarixindən, Azərbaycanda bu bayramın qeyd edilməsi ənənələrindən bəhs edilir.