DÜNYA
Yeni robotlar smartfonlar vasitəsilə idarə ediləcəkdir
Bakı, 27 dekabr (AZƏRTAC). Yaxın vaxtlara qədər adamların əksəriyyətinin robota malik olmaq fikri əlçatmaz arzu kimi təsir bağışlayırdı. Bu gün isə robotlar açıq satışdadır və arzu edənlər onları nisbətən ucuz qiymətə ala bilərlər.
Robot texnikası tədricən insanların həyatına daxil olmağa başlayır. Bəs kommersiya baxımından uğurlu robotlar başqalarından nə ilə fərqlənir?
“TechNewsDaily” şirkətinin əməkdaşları robotun populyarlaşması üçün hansı keyfiyyətlər malik olmasını öyrənmək məqsədilə kommersiya baxımından sərfəli məhsullar istehsal edən iki firmanın nümayəndələrindən müsahibə götürmüşlər.
Məlum olmuşdur ki, “iPhone” və ya “Android”in köməyi ilə “Sphero” robot oyuncaqların oyun imkanlarını virtual aləmdən real aləmə gətirmək mümkündür. İki il bundan əvvəl heç kəsə məlum olmayan kürəşəkilli robot indi çox populyardır və onu cəmi 129 dollara almaq olar.
Lakin müasir robotlar aləmi təkcə əyləncələrdən ibarət deyildir. “MakeBlock” şirkətinin təsisçisi Ceysen Van belə hesab edir ki, istehlakçılar üçün robot texnikası bazarında məhsulların əsas üstünlüyü yaradıcılıq qabiliyyətidir. Məsələn “Legos for Adults” adlanan məhsul insanların robotlar üçün ehtiyat hissələri alaraq özlərinin zövqünə uyğun robotlar yaratmasına imkan verəcəkdir.