İQTİSADİYYAT
Yeni tikilən və modernləşdirilən qazanxanalarda Avropa istehsalı olan müasir avadanlıq quraşdırılır
Bakı, 2 yanvar (AZƏRTAC). “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən “Azəristiliktəchizat” ASC tərəfindən yerinə yetirilməsi nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı zəruri işlər görülür.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Azəristiliktəchizat” ASC sədrinin müavini İlham Mirzəliyev bildirmişdir.
Görülən işlərin əvvəlki illərdə həyata keçirilmiş layihələrin davamı olduğunu deyən sədr müavini tədbirlərə əsasən ekoloji cəhətdən təmiz, müasir tipli səmərəli texnologiyalar tətbiq etməklə Bakı şəhərində və paytaxtətrafı qəsəbələrdə istilik təsərrüfatı üzrə lazımi işlərin başa çatdırılmasının nəzərdə tutulduğunu vurğulamışdır. Qeyd etmişdir ki, müvafiq istilik qurğularının, mənbələrinin bərpası, modernləşdirilməsi, yeni qazanxanaların tikintisi, istilik təchizatı sistemlərinin yenidən qurulması və bununla da istehlakçıların etibarlı və keyfiyyətli istilik təchizatı xidmətlərinin təşkilinin əsaslı surətdə yaxşılaşdırılması istiqamətində yeni tədbirlər həyata keçirilir.
Ümumilikdə 750-dək layihənin icrası nəzərdə tutulur ki, onlardan 24-ü məktəblərə, 86-sı uşaq bağçaları, 38-i səhiyyə obyektləri və 606-sı yaşayış binalarına aiddir. Proqram çərçivəsində 135 yeni qazanxananın tikintisi, 17 qazanxananın modernləşdirilməsi, 7 istilik məntəqəsinin yenidən qurulmaqla qazanxanaya çevrilməsi, 591 obyektdə aşağı paylama və binadaxili istilik sisteminin bərpası planlaşdırılır.
Yeni tikilən və modernləşdirilən qazanxanalarda Avropa ölkələrində istehsal olunan enerjiyə qənaət edən və ekoloji tələblərə tam cavab verən müasir qazanxana və istilik şəbəkəsi avadanlığı quraşdırılır.