MƏDƏNİYYƏT
Yerjan Maksim Bakıda beynəlxalq festivalda böyük müvəffəqiyyət qazanıb
Bakı, 24 dekabr, AZƏRTAC
Gənc qazaxıstanlı müğənni Yerjan Maksim “All by myself” mahnısı ilə “Bakı Qış Festivalı”nda böyük müvəffəqiyyət qazanıb.
AZƏRTAC “Novosti Astanı”ya istinadla xəbər verir ki, festivaldan əvvəl ulduzlar qırmızı xalçadan keçərək KİV nümayəndələrinin suallarını cavablandırıblar. Qazaxıstan KİV-lərinin məlumatında deyilir: “Həmvətənimiz Yerjan Maksim istisna olmayıb. O, sevimli ifaçılarından birinin - Müslüm Maqomayevin Vətənində olmaqdan fərəh hissi keçirdiyini bildirib”.
Tamaşaçılar Yerjan Maksimin son dərəcə təsirli ifasını gurultulu alqışlarla qarşılayıblar.
“Kazinform” Beynəlxalq İnformasiya Agentliyi xəbər verir ki, Bakıda yaşayan qazaxıstanlılar müğənnini dəstəkləməyə gəliblər. Qazaxıstanın Azərbaycandakı səfirliyinin nümayəndələri də konsertdə olublar.
Festival müxtəlif ölkələrdən gənc ifaçıları bir araya gətirib.
Xatırladaq ki, gənc ifaçı daha əvvəl “Uşaq Eurovision” beynəlxalq müsabiqəsində ikinci yeri tutub.
Yerjan Maksim “Арманыңнан қалма" mahnısının klipində sehrbaz obrazında çıxış edib. Tamaşaçılar bildiriblər ki, müğənninin ifası onları çox mütəəssir edib.
Müsabiqədə 19 ölkədən ifaçılar iştirak ediblər. Birinci yeri Polşanı təmsil edən gözəl qız tutub.