İDMAN
Yevgeni Alekseyev: Bakı şəhərində böyük dəyişikliklərin şahidi oldum
Bakı, 20 sentyabr (AZƏRTAC). Turnirdə 30-dan artıq beynəlxalq qrossmeysterin iştirakı şahmatçılar arasında mübarizənin gərgin xarakter alacağını göstərir.
Bu sözləri “Baku Open 2013” beynəlxalq şahmat festivalının Rusiya Federasiyasından olan iştirakçısı, beynəlxalq qrossmeyster Yevgeni Alekseyev AZƏRTAC-a müsahibəsində demişdir.
Y.Alekseyev qeyd etmişdir ki, “Baku Open-2013” Beynəlxalq şahmat festivalında ötən il 5-ci yeri tutmuşdum. Belə mötəbər turnirdə ilk beşliyə daxil olmaq yaxşı nəticə sayıla bilər.
Şahmatçı builki yarışa daha ciddi hazırlaşdığını və mükafata layiq yerlərdən birini tutmağa çalışacağını vurğulamışdır. Bildirmişdir ki, turnirdə beynəlxalq miqyaslı yarışların qalibləri olmuş güclü idmançılar kifayət qədərdir. Onların adlarını çəkməyə elə bir ehtiyac da yoxdur. Əsas məsələ odur ki, adlı-sanlı rəqiblərlə mübarizə aparacağam.
Rusiyalı qrossmeyster paytaxtımız haqqında təəssüratlarını da bölüşmüşdür. Bildirmişdir ki, şəhərdə aparılan möhtəşəm tikinti-quruculuq işlərinə yalnız həsəd aparmaq olar.