SİYASƏT
Yevlaxda dövlət müstəqilliyimizin bərpasının iyirminci ildönümü təntənəli şəkildə qeyd olunmuşdur
Yevlax, 8 oktyabr (AZƏRTAC). Yevlaxda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü təntənə ilə qeyd edilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzi meydanında ümummilli lider Heydər Əliyevin abidəsini, “Müstəqillik” abidəsini və “Şəhidlər” abidə kompleksini ziyarət edərək önünə gül-çiçək qoymuşlar.
Heydər Əliyev adına sarayda davam etdirilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov “Dövlət müstəqilliyinin bərpası Azərbaycan xalqının tarixi nailiyyətidir” mövzusunda məruzə etmişdir. Natiq dövlət müstəqilliyimizin qazanılmasından ötən dövrdə Azərbaycanın keçdiyi çətin, eyni zamanda, şərəfli yola nəzər salmış, respublikamızın, o cümlədən Yevlaxın qazandığı uğurlardan söhbət açmışdır. Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə vətəndaş müharibəsinin qarşısı alınmış, iqtisadiyyat ağır böhran vəziyyətindən çıxarılaraq inkişaf yoluna qədəm qoymuş, respublika həyatının bütün sahələrində dinamik tərəqqi təmin edilmişdir.
Qeyd edilmişdir ki, ulu öndərimizin daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində Azərbaycan dünyada ən sürətlə inkişaf edən bir dövlətə çevrilmişdir. Bu nailiyyətləri Yevlaxın timsalında nümunə gətirən natiq, son illər rayonda qazanılan uğurları faktlarla diqqətə çatdırmışdır. Bildirmişdir ki, 2004-2010-cu illərdə Prezident İlham Əliyev 6 dəfə Yevlaxa səfər etmişdir. Son 7 ildə rayonun infrastrukturu, təhsil, mədəniyyət, səhiyyə, idman sahələri yenidən qurulmuş, kənd və qəsəbələr abadlaşdırılmışdır. 2003-cü illə müqayisədə ümumidaxili mahsulun həcmi 8,4 dəfə, sənaye məhsulu istehsalı 12,4 dəfə, kapital qoyuluşunun həcmi 27,8 dəfə artmış, şəhərdə 2036 layihə həyata keçirilmişdir. Dövlətimizin başçısının diqqət və qayğısı sayəsində Yevlaxın sosial-iqtisadi inkişafında böyük yüksəlişə nail olunmuş, ulu öndərin “Mən Yevlaxı daha abad, daha gözəl görmək istəyirəm” arzusu reallığa çevrilmişdir.
Tədbirdə çıxış edənlər müstəqillik illərində ölkəmizin tarixi uğurlarından, Yevlaxda sosial-iqtisadi sahələrdə qazanılmış nailiyyətlərdən danışmışlar.
Mərasimdə rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fərqlənənlərə şəhər icra hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələr təqdim edilmişdir.
Heydər Əliyev xiyabanında geniş bayram konserti olmuşdur. Respublikanın tanınmış incəsənət xadimlərinin və rayon musiqiçilərinin ifa etdikləri mahnılar bayram təntənəsinə xoş ovqat qatmışdır. Bayram tədbiri atəşfəşanlıqla başa çatmışdır.