REGİONLAR
Yollar Qazaxdan İsmayıllı-Qəbələ-Şəki istiqamətinə aparır
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edənlər dövlət başçısının tapşırığına əsasən təşkil olunan aksiyanın əhəmiyyətini yüksək qiymətləndirərək, məktəblilərə səfərlərinin xoş və mənalı keçməsini arzuladılar.
Qrupun rəhbəri, rayon təhsil şöbəsinin işçisi Əziz Məmmədov dedi: “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası məktəblilərin dünyagörüşünün artmasında, onların Vətənimizi daha yaxşı tanımasında və sevməsində böyük əhəmiyyət kəsb edir. Bu gün İsmayıllı, Qəbələ və Şəki rayonlarına yola düşən qazaxlı məktəblilər 4 gün ərzində tarix və mədəniyyət abidələri ilə, bölgələrdə həyata keçirilən sosial-iqtisadi inkişafla, Vətənimizin səfalı yerləri ilə yaxından tanış olacaqlar. Bir müəllim kimi mənim də dillər əzbəri olan Şəki xanlarının sarayını ziyarət etmək çoxdankı arzum idi. Bizə bu imkanı yaratdığına görə tur-aksiyaya qoşulan məktəblilər adından dövlətimizin başçısına dərin minnətdarlığımızı bildirirəm.”
Çaylı kənd 2 nömrəli tam orta məktəbinin şagirdi Xəyyam Məşədiyev tur-aksiya ilə bağlı fikirlərini belə ifadə etdi: “Gedəcəyimiz rayonlarla məktəbdə keçdiyimiz dərslərdən, mətbuatdan tanışlığım qiyabi var idi. Çox sevinirəm ki, İsmayıllının qədim sənətkarlar məskəni Lahıc qəsəbəsi, Qəbələdəki “Tufandağ” Qış-Yay İstirahət Kompleksi və nəhayət çoxdan arzuladığım Şəki xanlarının sarayı ilə əyani surətdə tanış olacağam. Vətənimizin bu dilbər guşələrində özümə təzə dostlar tapacağam.”
Tur-aksiyada iştirak edəcək şagird və müşayiətçilər səhər saatlarında onlar üçün ayrılmış avtobusa əyləşərək İsmayıllı-Qəbələ-Şəki istiqamətində yola düşdülər.