ELM VƏ TƏHSİL
Yüksək balla ali məktəblərə daxil olan daşkəsənli gənclərə xatirə hədiyyələri təqdim olunmuşdur
Daşkəsən, 7 sentyabr (AZƏRTAC). Daşkəsəndə son illər təhsilin müasirləşdirilməsi istiqamətində xeyli iş görülmüşdür. Uzun illərdən bəri yığılıb qalmış problemlərin bir qismi həll edilmiş, ümumtəhsil məktəblərinin maddi-texniki bazası möhkəmləndirilmiş, qəzalı vəziyyətdə olan bir neçə məktəb üçün yeni binalar inşa edilmiş, bəziləri isə əsaslı təmir olunmuşdur. Bunun da nəticəsində tədrisin keyfiyyəti nəzərəçarpacaq dərəcədə yüksəlmişdir. Təkcə son 3 ildə 6 nəfər “Əməkdar müəllim” adını almış, 5 nəfər “Tərəqqi” medalına layiq görülmüşdür.
Bütün bu nailiyyətlər barədə təhsil işçilərinin rayonda keçirilən sentyabr müşavirəsində ətraflı danışılmış, işdə yol verilən nöqsanlar müzakirə edilmişdir. Bildirilmişdir ki, keçən il rayonun Muşavaq, Əmirvar, Bayan, Quşçu, Əmirvar-Əhmədli, Mollahəsənli kəndlərində və Daşkəsən qəsəbəsində yeni məktəb binalarının tikintisinə başlanılmış, bunlardan Bayan kəndindəki məktəb binası istifadəyə verilmiş, qalan kənd məktəblərinin isə yeni dərs ilində istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Müşavirədə qeyd edilmişdir ki, ötən dərs ilində rayon təhsil şöbəsinin şagirdlərə dərin və əsaslı bilik verilməsinə, tədris prosesində müvəqqəti təlim metodlarından yaradıcılıqla istifadə edilməsi məsələlərinə xüsusi diqqət yetirilmiş, bu məqsədlə Daşkəsənin bir sıra ümumtəhsil məktəblərində təhsil işçilərinin və rayonun qabaqcıl müəllimlərinin iştirakı ilə araşdırılmalar aparılmış, açıq dərslərin dinlənilməsi və müzakirəsi təşkil olunmuşdur. Araşdırmalar zamanı bir neçə qabaqcıl fənn və sinif müəlliminin iş təcrübəsinin öyrənib yayılması tövsiyə olunmuşdur. Həyata keçirilən tədbirlər nəticəsində əvvəlki illərdən fərqli olaraq bu il orta məktəbləri bitirmiş məzunlardan 85 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd vermiş, onlardan 43 nəfəri tələbə adını qazanmışdır.
Müşavirədə nöqsanlardan da danışılmış, onların aradan qaldırılması üçün konkret tapşırıqlar verilmişdir.
Sonda bu il ali məktəblərə yüksək balla qəbul olunmuş daşkəsənli gənclərə rayon icra hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olunmuşdur.