DÜNYA
Yumurta ən yaxşı energetikdir
Bakı, 17 noyabr (AZƏRTAC). Bizlərdən hər birimizin elə xoşagəlməz dəqiqələrimiz olur ki, yuxu hissi işə mane olur. Diqqət yayınır, qaşlar çatılır, baş işləmir. Adətən kofe və şirniyyat dadımıza çatır – axı belə bir fikir yayılmışdır ki, zəifləmiş orqanizmə məhz yüksək miqdarda qlükoza lazımdır. Lakin Britaniya diyetoloqları belə qənaətə gəlmişlər ki, heç bir şirniyyat toyuq yumurtası qədər güc vermir.
The Daily Mail qəzetinin yazdığına görə, son tədqiqatların nəticələrindən aydın olmuşdur ki, yumurtanın ağından əldə edilən proteinlər gümrah olmağa və fikri yaxşı cəmləşdirməyə kömək edir. Buna görə onlar orqanizm üçün xüsusən şokoladdan, peçenyedən və digər şirniyyatlardan alınan karbohidratlardan daha faydalıdır.
Kembric Universitetinin mütəxəssisləri müxtəlif qida maddələrinin baş beynin hüceyrələrinə təsirini tədqiq etmişlər. Eksperimentlər zamanı müəyyən edilmişdir ki, öz xassələrinə görə yumurta ağına bənzəyən qida qarışığı orqanizmi kalorini tez sərf etməyə məcbur edən və gümrahlıq vasitəsi olan təbii stimulyatorun – oreksinin yaranmasını gücləndirir. Şəkər əsaslı qarışıqlar isə, əksinə, təbii energetik hasilatına mane olur.
Alimlərin Neuron jurnalında dərc olunmuş nəticələri nəinki az öyrənilmiş fenomeni – nə üçün karbohidratlara nisbətən zülallı qida qəbulu nəticəsində insanların özlərini daha gümrah hiss etməsinin səbəbini izah edir, həm də piylənmə və yuxusuzluq problemlərinin tədqiqi üçün əsas yaradır. Tədqiqatın müəlliflərindən biri olan Denis Burdakovun sözlərinə görə, bu məsələləri həll etmək üçün pəhrizin hüceyrə səviyyəsində yuxuya və iştahaya təsiri barədə daha çox məlumat əldə etmək lazımdır.
Çoxları toyuq yumurtasını “ağır” və hətta zərərli qida hesab etsələr də, diyetoloqlar bu fikri etibardan salmışlar. Bu yaxınlarda Britaniyanın qida fondu mütəxəssislərinin apardıqları tədqiqatlar göstərmişdir ki, yumurtadakı xolesterin tipi ürək xəstəlikləri riskinin artmasına minimum təsir göstərir. Ekspertlər orqanizmdə xolesterinin səviyyəsinin artmasının başlıca günahını yağlı yeməklərdə, siqaret çəkməkdə və fiziki fəallığın az olmasında görürlər. Yumurta isə yüksək keyfiyyətli zülal mənbəyidir, onun tərkibində zərərli yağlar yoxdur.