MƏDƏNİYYƏT
Zaqatala və Qax məktəbliləri Xaçmaz rayonunun görməli yerləri ilə tanış oldular
AZƏRTAC xəbər verir ki, tur-aksiyanın iştirakçıları Xaçmaz şəhərinin mərkəzindəki Heydər Əliyev parkında qarşılandılar. Məktəblilər burada ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdilər.
Sonra qonaqlar şəhərdəki Heydər Əliyev Mərkəzində oldular. Burada tur-aksiya iştirakçılarının diqqətinə çatdırıldı ki, müasir Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu prosesi, ölkəmizin dünyada etibarlı tərəfdaş kimi tanınması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.
Məktəblilər Xaçmaz şəhərində Azərbaycanın 52 görkəmli şair və yazıçısının, mədəniyyət və incəsənət xadiminin büstü qoyulan, açıq səma altında yaradılan Şəxsiyyətlər muzeyində də oldular. Ekskursiya iştirakçılarına 2006-cı ildə yaradılan muzey-park haqqında ətraflı məlumat verildi.
Tur-aksiyanın iştirakçıları 2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Xaçmaz Rayon Tarix-Diyarşünaslıq Muzeyini də ziyarət etdilər. Məktəblilərin diqqətinə çatdırıldı ki, muzeydə həm ölkəmizin, həm də Xaçmaz rayonunun tarixini əks etdirən və turistlər üçün maraq doğuran çoxlu sayda eksponat vardır. Muzeyin ikinci mərtəbəsində tarix-etnoqrafiya bölməsi fəaliyyət göstərir. Burada müxtəlif dövrlərdə xaçmazlıların həyat tərzini və məişətini əks etdirən eksponatlar yerləşdirilib.
Zaqatala və Qax məktəbliləri Xaçmaz Xalça Muzeyi və dövlət rəsm qalereyası ilə tanışlıqdan sonra Çənlibel parkına gəldilər. Parkda gəzintidən sonra məktəblilər doğma şəhərlərinə yola salındılar.