REGİONLAR
Zaqatalada koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri davam edir
Zaqatala, 26 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Son günlər ölkə ərazisində COVID-19 infeksiyasına yoluxma sayının kəskin artması ilə əlaqədar Zaqatala rayonunda da koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri gücləndirilib. Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, rayonda karantin rejimi qaydalarının təmin olunması üçün nəzarət tədbirləri davam etdirilir. Rayon icra hakimiyyəti aparatının məsul nümayəndələrindən və polis əməkdaşlarından ibarət mobil qruplar karantin rejimi ilə əlaqədar müəyyənləşdirilmiş qaydalara əməl olunmasını təmin etmək üçün ictimai nəqliyyatda, ticarət və ictimai iaşə obyektlərində, əhalinin sıx toplaşdığı ərazilərdə reydlər keçirir, vətəndaşlar arasında maarifləndirici təbliğat işləri aparırlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, avqustun 26-da keçirilən növbəti reyd zamanı vətəndaşlara pandemiyaya qarşı mübarizədə qoruyucu vasitələrdən, tibbi maskalardan istifadə edilməsinin, gigiyena qaydalarına riayət olunmasının, sosial məsafənin saxlanılmasının, eyni zamanda, COVID-19 infeksiyasına qarşı peyvənd olunmanın vacibliyi bir daha ətraflı izah olunub. Sakinlərin diqqətinə çatdırılıb ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə düzgün riayət etmək hər kəsin vətəndaşlıq borcudur və bu qaydalara əməl etməyən şəxslər, qurumlar barəsində qanuna müvafiq qaydada tədbirlər həyata keçiriləcək.