SİYASƏT
ZAQATALADA ULU ÖNDƏRƏ HƏSR OLUNMUŞ SİLSİLƏ TƏDBİRLƏR DAVAM ETDİRİLİR
Zaqatala, 7 may (AZƏRTAC). Zaqatala rayonunda ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş silsilə tədbirlər davam etdirilir.
Mayın 7-də keçirilən ümumrayon tədbirinin iştirakçıları, rayon rəhbərliyi əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan parka gələrək, ulu öndərin abidə-kompleksi önünə əklil qoymuş, gül-çiçək dəstələri düzmüş, xalqımızın dahi oğluna öz ehtiramlarını bildirmişlər.
Toplantıda çıxış edən rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov ulu öndərimizin Vətən və xalq qarşısındakı əvəzsiz xidmətlərindən danışmış, Heydər Əliyev tərəfindən yaradılmış möhkəm təməl üzərində Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin artıq dünyanın ən önəmli dövlətlərindən biri kimi tanındığını xüsusi vurğulamışdır.
Sonra Heydər Əliyev parkında gül bayramı keçirilmişdir. Rayonda ikinci dəfə təşkil olunan gül bayramında müxtəlif gül kompozisiyaları, güldən işlənmiş şəkil və plakatlar, əl işləri nümayiş etdirilmişdir.
Tədbir iştirakçıları daha sonra Heydər Əliyev muzeyinə gəlmiş, burada ulu öndərə həsr olunmuş “Şəxsiyyət” filminə baxmışlar.
Həmin gün Zaqatala şəhərində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Zaqatala ərazi idarəsinin yeni inşa olunmuş inzibati binasının açılış mərasimi keçirilmişdir. Müasir standartlara uyğun inşa olunan bina 16 xidməti otaq və akt zalından ibarətdir. Burada əhaliyə yüksək səviyyədə xidmət göstərmək üçün hər cür şərait yaradılmışdır.
Mərasimdə Xidmətin rəisi Arif Qaraşov iştirak etmişdir.
Daha sonra rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri əsaslı təmir olunmuş Əli Bayramlı kənd xəstəxanası və Muğanlı kənd həkim ambulatoriyasının açılış mərasimlərinə qatılmışlar. Hər iki səhiyyə obyekti yeni tibbi avadanlıq və lazımi inventarla təmin olunmuşdur.
Mərasimdə çıxış edən səhiyyə nazirinin müavini Elsevər Ağayev ölkəmizdə səhiyyənin inkişafına göstərilən yüksək dövlət qayğısından danışmış, kollektivə əhalinin sağlamlığının qorunması, tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması işində uğurlar arzulamışdır.