İDMAN
Zaqatalanın “Simurq” komandası Türkiyə toplanışını başa vurmuşdur
Bakı, 8 iyul (AZƏRTAC). Türkiyədə təlim-məşq toplanışında olan Zaqatalanın “Simurq” komandası sonuncu yoxlama oyunun keçirmişdir.
AZƏRTAC xəbər verir ki, yenidən Gürcüstanın “Dila” komandası ilə qarşılaşan “Simurq” qarşılaşmanın ilk hissəsində 1:0 hesabı ilə məğlub olsa da, sonda bərabərlik qolunu vura bilmişdir. Matçın 75-ci dəqiqədə İlkin Qırtımovun sağ cinahdan etdiyi asma cərimə meydançasında rəqibin əlinə dəymiş və görüşün baş hakimi penalti təyin etmişdir. Rəşad Eyyubov on bir metrlik cərimə zərbəsini dəqiq yerinə yetirmişdir.
Beləliklə, oyun heç-heçə yekunlaşmışdır - 1:1.
Bu matçla “Simurq” təlim-məşq toplanışının ikinci mərhələsini başa vurmuşdur. Türkiyədəki hazırlıq çərçivəsində Zaqatala təmsilçisi üç yoldaşlıq görüşü keçirmişdir. İlk oyunda “Spartak-Nalçik” komandasına minimal hesabla məğlub olsa da, “Dila” ilə qarşılaşmalarda 3:3 və 1:1 hesablı heç-heçə qeydə alınmışdı.