REGİONLAR
Zərdab taxılçıları payızlıq səpini başa çatdırıblar
Zərdab, 26 dekabr, AZƏRTAC
Zərdab rayonunun taxılçılıqla məşğul olan fermerləri və fiziki şəxsləri payızlıq səpin kampaniyasını başa çatdırıblar.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, gələn ilin məhsulu üçün rayonda 19 min 580 hektarda payızlıq səpin aparılıb. Bu göstərici ötən ildəkindən 864,5 hektar çoxdur. Əkin sahələrinin 12 min 997 hektarı buğda, qalanı isə arpadır.
Qeyd edək ki, taxılçılıq Zərdabda kənd təsərrüfatının aparıcı sahələrindəndir. Taxılçılar bu mühüm strateji məhsulun intensiv artımı üçün ciddi səy göstərirlər. Belə ki, əkin sahələri ildən-ilə artırılır, məhsuldarlığın yüksəldilməsi üçün ardıcıl tədbirlər görülür. Rayonun əksər təsərrüfatlarında, xüsusilə Bəyimli qəsəbəsində, Çallı, Körpükənd və bir sıra digər ərazi dairələrində fermerlər və fiziki şəxslər uğurlu nəticələr qazanırlar.
Rayonda taxıl əkini sahələrinin 85 faizində çıxış alınıb. Hazırda taxılçılar əkinlərin suvarılması ilə məşğuldurlar.