İQTİSADİYYAT
Zərdabda kənd təsərrüfatı işlərinin gedişinə həsr olunmuş müşavirə keçirilmişdir
Zərdab, 29 noyabr (AZƏRTAC). Zərdabda kənd təsərrüfatı işləri sahəsində mövcud vəziyyət və qarşıda duran vəzifələrə həsr olunmuş geniş müşavirə keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, ərazi icra nümayəndəliklərinin, bələdiyyə sədrlərinin, kənd təsərrüfatı ilə məşğul olan sahibkarların, əlaqədar təşkilatların rəhbərlərinin və mütəxəssislərin iştirak etdikləri müşavirədə rayon icra hakimiyyəti başçısının birinci müavini Allahverdi Səfərov kənd təsərrüfatının ayrı-ayrı sahələrində mövcud vəziyyət və qışa hazırlıqla əlaqədar məruzə ilə çıxış etmiş, müzakirələr aparılmışdır.
Məruzə və çıxışlarda rayon iqtisadiyyatının əsas sahələrindən olan taxılçılıqdan, payızlıq taxıl əkini ilə əlaqədar görülmüş işlərdən ətraflı danışılmışdır. Qeyd olunmuşdur ki, cari mövsümdə sahələrdə orta hesabla hər gün 45 şum traktorunun, 30 səpin aqreqatının gücündən istifadə edilmişdir. Taxıl əkini üçün 15 min 819 hektar şumlanmışdır. İndiyədək 14 min 898 hektarda taxıl, o cümlədən 10 min 39 hektarda buğda, 4.859 hektarda arpa əkilmişdir. Əkin sahələri ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.545 hektar çoxdur. Əkinçilər noyabrın sonunadək kampaniyanı başa çatdırmaq əzmindədilər.
Müşavirədə taxıl sahələrinin mühafizəsi, əkinlərə aqrotexniki qulluq işlərinin vaxtında və kefiyyətlə həyata keçirilməsi üçün vacib olan məsələlərdən də ətraflı danışılmışdır.
Kənd təsərrüfatının mühüm sahəsi olan heyvandarlıq, mal-qaranın qış mövsümündə bəslənməsi məsələləri də geniş müzakirə edilmişdir. Bildirilmişdir ki, rayonda 53 min 716 baş mal-qara, 110 min 146 baş davar vardır. Heyvandarlıq məhsullarının artırılması sahəsində bol yem ehtiyatının zəruriliyini yaxşı bilən heyvandarlar yem bitkiləri istehsalının artırılmasına xüsusi diqqət yetirirlər. Rayonda bu il 3.455 hektarda təzə yonca əkilmişdir. Cari mövsümdə 111 min 500 tondan çox qaba yem tədarük olunmuşdur. Bu da ötən ilin göstəricidən 5000 ton çoxdur.
Müzakirələrdə baytarlıq xidmətinin gücləndirilməsi, xəstəliklərə qarşı profilaktiki tədbirlərin görülməsi, süni mayalandırma tədbirlərinin səmərəsinin artırılması ilə bağlı əlaqədar təşkilatların görəcəkləri konkret işlərdən danışılmışdır.
Müşavirədə kənd təsərrüfatının ayrı-ayrı sahələrindəki mövcud vəziyyət geniş təhlil edilərək konkret vəzifələr müəyyənləşdirilmişdir.