REGİONLAR
İntensiv yağışlar Lənkəranda bir sıra problemlər yaradıb VİDEO
Lənkəran, 12 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Oktyabrın 11-dən başlayaraq ölkəmizin cənub bölgəsinə yağan intensiv yağışlar Lənkəranda bir sıra problemlərə səbəb olub.
AZƏRTAC xəbər verir ki, sel suları fərdi yaşayış evlərinin həyətyanı və əkin sahələrini basıb, nəqliyyat vasitələrinin və piyadaların hərəkətində bir sıra çətinliklər yaranıb.
Lənkəran şəhərinin ayrı-ayrı məhəllələrində, Səttərxan küçəsi boyunca su kollektorunda suyun səviyyəsinin qalxması nəticəsində nisbətən çökəkdə yerləşən həyətləri su basıb.
Lənkəran çayında suyun səviyyəsinin qalxması ətrafdakı yaşayış evləri üçün narahatlıq yaradıb.
Rayonun Şilavar, Digah və Kosalar kəndlərində həyətləri, evlərin zirzəmilərini sel suları basıb. Girdəni çayı üzərindəki körpüdə qəza vəziyyəti yaranıb.
Hazırda izafi suların həyətyanı sahələrdən kənarlaşdırılması istiqamətində işlər davam etdirilir.
Lənkəran Regional Hidrometeorologiya Müəssisəsinin direktoru Cavid Hüseynov çaylarda suyun səviyyəsinin 70 santimetr artdığını, yağıntının oktyabrın 14-dək davam edəcəyini bildirib.
Hazırda cənub bölgəsində yağmurlu hava şəraiti davam etməkdədir.