REGİONLAR
Gəncədə yeni avtovağzal kompleksi istifadəyə verilib VİDEO



Gəncə, 4 noyabr, Rauf Hacıyev, AZƏRTAC
Gəncədə yeni avtovağzal kompleksi istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev, ictimaiyyət nümayəndələri və qonaqlar iştirak ediblər.
Açılış mərasimində çıxış edən icra hakimiyyətinin başçısı Elmar Vəliyev son illərdə Gəncədə həyata keçirilən irimiqyaslı sosial-infrastruktur layihələri və abadlıq-quruculuq işləri barədə məlumat verib. Bildirilib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkənin bütün şəhər və rayonları kimi, Gəncə də son dövrlərdə özünün sürətli inkişaf dövrünü yaşayır. Şəhərdə sahibkarlıq fəaliyyəti üçün münbit şərait yaradılıb. Yaxın vaxtlarda Gəncədə iri istehsal müəssisələri və ticarət mərkəzlərinin istifadəyə verilməsi istiqamətində mühüm işlər görülür. Ölkənin qərb istiqamətində fəaliyyət göstərəcək yeni avtovağzal kompleksinin fəaliyyətə başlaması da sahibkarlara yaradılan əlverişli şərait nəticəsində mümkün olub. Məhz, yeni avtovağzalda ilkin mərhələdə 100-dən artıq insan işlə təmin ediləcək. Gələcəkdə isə burada işlə təmin olunan insanların sayı artırılacaq. Ümumiyyətlə, nəzərdə tutulan layihələrin icrası nəticəsində 2017-ci ildə Gəncədə 20 minə yaxın yeni iş yeri yaradılacaq.
Sonra avtovağzal kompleksinin direktoru Zaur Ələkbərov çıxış edərək ərazidə yaradılan şərait barədə məlumat verib. Qeyd olunub ki, 25 hektar ərazidə inşa edilən kompleksdə 300 nəfərlik gözləmə zalı, kassalar, ibadət, tibb, ana və uşaq otaqları, yeməkxana yerləşir. Həmçinin kompleksdə ticarət mərkəzi fəaliyyət göstərir.
Avtovağzalda ölkənin şəhərləri ilə yanaşı, Türkiyə, Rusiya, İran və Gürcüstana da hərəkət edəcək avtobus və mikroavtobuslara servis xidməti göstəriləcək. Kompleksin ətrafı abadlaşdırılıb, yaşıllıq zolağı salınıb.
Sonra avtovağzal kompleksində yaradılan şəraitlə tanışlıq olub.