REGİONLAR
Moskva Dövlət Universitetinin Bakı filialının əməkdaşları qərb bölgəsinin məktəbliləri ilə görüşüblər VİDEO
Gəncə, 3 dekabr, Rauf Hacıyev, AZƏRTAC
Dekabrın 3-də Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının əməkdaşları ilə Gəncə şəhəri, Göygöl, Şəmkir və Samux rayonlarının ümumtəhsil məktəblərinin rus bölməsində təhsil alan IX-XI sinif şagirdləri arasında görüş olub.
AZƏRTAC xəbər verir ki, Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 nömrəli məktəbdə keçirilən görüşdə Dövlət İmtahan Mərkəzi Gəncə Regional bölməsinin əməkdaşları, şəhər təhsil idarəsinin nümayəndələri, MDU-nun Bakı filialının rəhbərliyi, humanitar və tətbiqi elmlərin müxtəlif sahələrini təmsil edən alimləri, həmçinin Gəncə şəhərinin, Göygöl, Şəmkir və Samux rayonlarının ümumtəhsil məktəblərinin müəllim-şagird kollektivi iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Mir Cəlal Paşayev adına 39 nömrəli məktəbdə yaradılan smart siniflə tanış olublar.
Gəncə şəhəri Təhsil İdarəsinin rəisi Zakir Hüseynov qonaqları qədim Nizami yurdunda görməkdən məmnunluğunu bildirib, alimlərin şagirdlərlə görüşünün əlamətdar hadisə olduğunu deyib.
Sonra M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının beynəlxalq əlaqələr üzrə prorektoru, professor Oktay Tağıyev çıxış edərək ali təhsil müəssisəsinin yaranma tarixi, fəaliyyət istiqamətləri, universitetdəki fakültələr, elm-təhsil və tədris mühiti haqqında ətraflı məlumat verib.
Universitetdə tədris prosesinin təşkilindən, tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün yaradılan şəraitdən danışan Oktay Tağıyev şagirdlərə gələcəkdə ali təhsil müəssisəsinə daxil olmaq üçün qəbul şərtlərini izah edib.
Çıxışlarda MDU-nun Bakı filialında fəaliyyət göstərən tətbiqi riyaziyyat, fizika, kimya, iqtisadiyyat, filologiya, psixologiya fakültələrində təhsil almağın üstünlükləri izah olunub.
Sonda çıxış edən Dövlət İmtahan Mərkəzinin Gəncə Regional bölməsinin rəhbəri Nəsimi Məmmədov Gəncə və ətraf rayonların yuxarı sinif şagirdləri ilə MDU-nun Bakı filialının alimləri arasında keçirilən görüşün əhəmiyyətindən danışıb.
Qeyd edilib ki, hazırda Azərbaycan sürətlə inkişaf edir. Gələcəkdə müxtəlif sahələrin ixtisaslı, peşəkar kadrlarla təmin olunması üçün bilikli və bacarıqlı gənclərə ehtiyac var. Ona görə də şagirdlər gündəlik dərslərinə daha səylə çalışmalı, qəbul imtahanlarında yüksək nəticə göstərməlidirlər. Onlar həm də düzgün ixtisas seçərək bilik, bacarıq və istedadlarını reallaşdıra biləcək, Azərbaycanın müasir inkişaf meyillərini özündə əks etdirən universitetlərə daxil olmalıdırlar.