REGİONLAR
Qahirə Hüseynova: İnsanlarda Ulu Öndərin onları çətinliklərdən xilas edəcəyinə inam vardı
![Qahirə Hüseynova: İnsanlarda Ulu Öndərin onları çətinliklərdən xilas edəcəyinə inam vardı](/files/2024/2/1200x630/17153706516195451289_1200x630.jpg)
Naxçıvan, 10 may, AZƏRTAC
"İnsanlar Heydər Əliyevi böyük sevgi və sevinclə qarşılayır, naxçıvanlıların üzləşdiyi çətinliklərin yalnız bu dahi siyasətçinin rəhbərliyi ilə aradan qaldırılacağına inam ifadə edirdilər".
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirləri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində keçirilən tədbirdə Ulu Öndərin Naxçıvanda fəaliyyəti dövründə mətbuat xidmətinin rəhbəri olmuş Qahirə Hüseynova səsləndirib.
Nazirliyin əməkdaşları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət ediblər. Həmçinin Nazirliyin inzibati binasının foyesində Ulu Öndərin büstü qarşısına gül dəstələri qoyularaq əziz xatirəsinə dərin ehtiram bildirilib.
Ədliyyə Nazirliyinin əməkdaşlarının iştirak etdiyi tədbirdə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan MR-in ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərov tədbirdə Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı xidmətlərindən bəhs edib. Ümummilli Liderin ideyalarının onun siyasi varisi, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyi, Vətən müharibəsində Böyük Qələbəmizlə torpaqlarımızın azad edilərək Ulu Öndərin ən ümdə vəsiyyətinin yerinə yetirildiyi qeyd olunub.
Tədbirə dəvət olunmuş Azərbaycanın Əməkdar jurnalisti, siyasi elmlər üzrə fəlsəfə doktoru Qahirə Hüseynova Ulu Öndərlə bağlı xatirələrini bölüşüb, Heydər Əliyevin Moskvadan Vətəninə qayıdışından, həmyerliləri ilə izdihamlı görüşündən bəhs edib. O bildirib ki, insanlar onu böyük sevgi və sevinclə qarşılayır, naxçıvanlıların üzləşdiyi çətinliklərin yalnız bu dahi siyasətçinin rəhbərliyi ilə aradan qaldırılacağına inam ifadə edirdilər.
Qahirə Hüseynova Ümummilli Liderin həyat və fəaliyyətinin hər kəs, xüsusilə gənclər üçün örnək olduğunu söyləyib.