REGİONLAR
Gəncədə əsaslı təmir olunan uşaq bağçası balacaların ixtiyarına verilib VİDEO
Gəncə, 14 iyul, Rauf Hacıyev, AZƏRTAC
Gəncədə 1 nömrəli körpələr evi-uşaq bağçasının əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən icra hakimiyyətinin başçısı Elmar Vəliyev bağçanın açılışının Ulu Öndərin Azərbaycanda ilk dəfə hakimiyyətə gəldiyi tarixə - 14 iyula təsadüf etdiyini xatırladıb. Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsi ilə Azərbaycan tarixində yeni və parlaq səhifə açıldığını deyən Elmar Vəliyev Prezident İlham Əliyevin və Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın Nizami yurduna olan diqqət və qayğısından da danışıb.
Bildirilib ki, 120 yerlik, 2 korpusdan ibarət uşaq bağçasında altı qrup fəaliyyət göstərir. Birinci korpus ikimərtəbəli, digər korpus isə birmərtəbəlidir. Uşaq bağçasında şahmat, dərzi, tibb, musiqi, rəsm, yataq, soyunub-geyinmə, mətbəx və digər yardımçı otaqlar mövcuddur.
İcra hakimiyyətinin başçısı qeyd edib ki, yaxın zamanda şəhərdə 44 nömrəli uşaq bağçası, 1 nömrəli tam orta məktəb, 4 nömrəli internat tipli məktəb, 2 nömrəli peşə liseyi də təmirdən sonra istifadəyə veriləcək.
Balacaların valideynləri uşaqlara yaradılan şəraitə görə Prezident İlham Əliyevə və Azərbaycanın Birinci xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Uşaq bağçasında aparılan əsaslı təmir və yenidənqurma işlərində fərqləndiklərinə görə "Alyans" MMC-nin direktoru Pərviz Məmmədov, mühəndisi Tofiq Mustafayev, iş icraçısı Afiq Abbasov Gəncə Şəhər İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif edilib.
Sonda mərasim iştirakçıları bağçada yaradılan şəraitlə yaxından tanış olublar.