REGİONLAR
Qusarlıların qədim iməcilik adətlərini təbliğ edən “Mel” folklor ansamblı VİDEO
Quba, 27 fevral, Elxan Yusifli, AZƏRTAC
Xalqımızın ən qədim və əziz bayramlarından olan Novruz yurdumuza öz mübarək qədəmlərini basmaqdadır. Fevralın 27-də Azərbaycanda baharın müjdəçisi olan ilk çərşənbə - Su çərşənbəsi qeyd edilir. Bayram ərəfəsində elimizin adət-ənənələri, icra etdiyi ayin və mərasimlər nəsildən-nəslə keçərək dövrümüzə qədər gəlib çatıb. Qədim adət-ənənələrin təbliğində regionlarda fəaliyyət göstərən folklor qruplarının böyük rolu var. Bu kollektivlərin təqdim etdiyi rəngarəng bayram proqramları el şənliklərinə xüsusi gözəllik gətirməklə yanaşı, həm də soy kökümüzə bağlılığımızdan xəbər verir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qusar rayonunda folklorun çoxəsrlik ənənəsi var. Rayon əhalisinin böyük hissəsini təşkil edən ləzgilər tarixin bütün dövrlərində öz adət-ənənələrini, mədəniyyətlərini qoruyub saxlayıblar.
Qusarın Hil kəndində folklor ansamblının yaranma tarixi ötən əsrin 70-ci illərinə gedib çıxır. 1976-cı ildə kənd mədəniyyət evində yaradılan “Mel” folklor ansamblı yerli əhalinin qədim iməcilik adəti olan melin təbliği ilə məşğuldur. Ansambl həmin vaxt sovxozun fəhlələrindən, məktəblilərdən və mədəniyyət evinin işçilərindən təşkil olunmuşdu. Kollektiv 1979-cu ildə respublika festivalında üçüncü yerə, bir il sonra isə mədəni-maarif müəssisələrinin fəaliyyətinə ictimai baxışın yekunlarına görə Respublika Mədəniyyət Nazirliyinin keçici Qırmızı bayrağına və pul mükafatına layiq görülüb. 1987-ci ildə keçirilən II Respublika festivalının laureatı olmuş ansambla həmin il “Xalq kollektivi” adı verilib.
Hazırda 16 nəfərdən ibarət olan folklor qrupunun üzvləri bayram çərşənbələrində yerli sakinlərlə bir yerdə ocaq ətrafına toplaşır, qədim mahnıları səsləndirir, müxtəlif əyləncəli oyunlar keçirir və rəqs edirlər.
Adətə görə Novruz bayramı öncəsi kənddə iməcilik keçirilir və hər gün bir qonşunun evində bayram hazırlıqları görülür. Mel sözünün mənası da elə könüllü iməcilik deməkdir. Eyniadlı folklor ansamblının təqdim etdiyi musiqili quruluşlarda da bu, öz əksini tapır.
"Mel" kollektivinin bədii rəhbəri Xozamməd Paşayev bildirir ki, təqdim edilən əsas kompozisiyalardan birində gəlin köçən qızın cehiz hazırlığı təsvir olunub. Burada toy hazırlıqlarını vaxtında yekunlaşdıra bilməyən ailəyə iməcilik təşkil olunaraq kömək edilir.
Məlumdur ki, gəlin köçəcək qızın cehiz hazırlığı prosesi asan iş deyil. Folklor qrupu xalça, kilim toxunması, yun əyirib yorğan-döşək salınması və başqa bu kimi işləri el nəğmələrinin müşayiəti ilə təqdim edir. Təqdimat özündə əməyi, yardımsevərliyi təbliğ etməklə yanaşı, elin xeyir-duası ilə qurulan ailələrin möhkəmliyini də ehtiva edir.
"Mel" kollektivinin bayram şənliklərində təqdim etdiyi quruluşda diqqəti çəkən məqamlardan biri də ansambl üzvlərinin nehrə çalxalamağı, beşik başında layla deyə-deyə corab toxumağıdır. Bu, köçən qızın hələ ata evində bütün ev işlərini, uşaq saxlamağı, bir sözlə, evdarlığı öyrənməyinin vacib olduğuna işarədir.
Folklor kollektivi rayonda və ölkənin başqa yerlərində keçirilən konsertlərdə, müsabiqələrdə və sərgilərdə də təmsil olunur.