REGİONLAR
Azərbaycanda 853 insan alveri qurbanının cəmiyyətə reinteqrasiyası təmin edilib VİDEO
Qusar, 30 iyul, Elxan Yusifli, AZƏRTAC
Artıq 14 ildən çoxdur ki, Azərbaycan beynəlxalq səviyyədə insan alverinə qarşı mübarizəyə öz töhfəsini verir. Milli maraqlar baxımından bu işə daim həssaslıqla yanaşılıb və qarşıda duran vəzifələr sistemli şəkildə icra edilib. Bu müddətdə həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə 1279 insan alveri və məcburi əmək cinayəti qeydə alınıb, 526 nəfər məhkəmə məsuliyyətinə cəlb olunub. Bununla yanaşı, 200-ə yaxın mütəşəkkil dəstə və cinayətkar qrup zərərsizləşdirilib, müəyyən edilmiş 853 insan alveri qurbanının cəmiyyətə reinteqrasiyası təmin olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Qusarda 30 iyul - Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Günü münasibətilə birgə təşkil etdiyi konfransda məlumat verilib.
İnsan alverinin təhlükəsi və fəsadları haqqında ictimaiyyətin məlumatlılığının artırılması, bu cinayətlərlə mübarizədə daha geniş kütlənin iştirakının təmini məqsədilə təşkil olunan tədbirdə dövlət və qeyri-hökumət qurumlarının, diplomatik nümayəndəliklərin, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.
BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak çıxışı zamanı insan alverinə son qoyulmasının vacibliyindən danışıb. Bildirilib ki, bunun üçün hökumətlər, qeyri-hökumət təşkilatları, beynəlxalq təşkilatlar qurbanların özləri ilə sıx əməkdaşlıq etməklə birgə fəaliyyət göstərməlidirlər.
ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Uilyam Gill çıxışında insan alveri qurbanlarından birinin real hekayəsini konfrans iştirakçılarının diqqətinə çatdırıb. U.Gill bildirib ki, insan alverinə son qoyulması barədə danışarkən insanlardan bəhs etdiyimizi unutmamalıyıq. Hər kəs bu insanlara qarşı ləyaqətlə və hörmətlə yanaşmalıdır.
Uilyam Gill bütün dünya dövlətləri tərəfindən insan alverinə qarşı birgə mübarizənin vacibliyini vurğulayaraq, Azərbaycan hökumətinin bu sahədə göstərdiyi səyləri dəstəklədiklərini bildirib.
Diqqətə çatdırılıb ki, həyata keçirilən birgə layihələr çərçivəsində yaradılan sığınacaqlarda insan alveri qurbanlarının yaşayışını bərpa etmək, cəmiyyətə yenidən inteqrasiya olunması üçün psixoloji, tibbi və hüquqi yardım göstərilir. Bu günə kimi 118-dən çox insan alveri qurbanına bu cür yardım edilib.
Tədbirdə DİN-in İnsan Alverinə Qarşı Mübarizə üzrə Baş İdarəsinin rəis müavini Samir Zeynalov, Dövlət Miqrasiya Xidmətinin Xaçmaz Regional Miqrasiya İdarəsinin rəisi Hidayət Rüstəmov çıxış edərək, ölkəmizdə bu sahədə problemlərin aradan qaldırılması istiqamətində görülən kompleks tədbirlər haqqında ətraflı məlumat veriblər.
Bildirilib ki, ölkəmizdə insan alverinə qarşı mübarizə sahəsində son illərdə böyük nailiyyətlər əldə edilib. Azərbaycanda bu sahədə mükəmməl qanunvericilik bazası, maarifləndirmə sistemi mövcuddur. Bununla bağlı beynəlxalq təşkilatlarla işbirliyi həyata keçirilir. Ölkəmizdə müxtəlif illəri əhatə edən Milli Fəaliyyət planları haqqında məlumat verərək qeyd edilib ki, bu çərçivədə insan alverinə qarşı mübarizə, insan alveri potensiallarının müəyyənləşdirilib maarifləndirilməsi, cəmiyyətə inteqrasiya sahəsində çox ciddi addımlar atılır. Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində görülən işlər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən hazırlanmış hesabatlarda əksini tapıb. Görülən tədbirlər nəticəsində insan alverindən əziyyət çəkənlər ilbəil azalır.
Çıxışlarda qeyd olunub ki, 30 iyul tarixinin insan alverinə qarşı mübarizə üzrə beynəlxalq gün olaraq Azərbaycanda qeyd edilməsi ölkəmizdə insan alverinə qarşı mübarizənin yüksək səviyyədə aparılmasının bariz nümunəsidir. Bu problemə qarşı mübarizə tədbirlərinə baxmayaraq, insan alveri müasir dövrdə ən aktual problemlərdən biri olaraq qalır.
Tədbirdə insan alverinə qarşı mübarizədə əldə edilən uğurların cəmiyyətə düzgün çatdırılmasında, maarifləndirmə işinin aparılmasında beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının, mətbuatın tərəfdaşlığı xüsusi vurğulanıb.