CƏMİYYƏT
Balaxanı qəsəbəsində silsilə oğurluqlar edən şəxs saxlanılıb VİDEO
Bakı, 26 noyabr, AZƏRTAC
Balaxanı qəsəbəsinin qadın sakini Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə müraciət edərək naməlum şəxsin ona qarşı soyğunçuluq törədərək çantasını ələ keçirməsi barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Aleksandr Miroşkin saxlanılıb. Araşdırma zamanı onun Cinayət Məcəlləsinin 177.2.3-cü (oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və 177 2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə axtarışda olduğu müəyyən edilib.
A.Miroşkinin ətrafında həyata keçirilən əlavə əməliyyat tədbirləri ilə onun Sabunçu rayonu ərazisində müxtəlif vaxtlarda iki həyət evindən məişət əşyaları, elektrik naqilləri və təmir-tikinti alətləri oğurladığı da müəyyənləşib.
Saxlanılan şəxs barəsində 12-ci polis şöbəsində toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.
A.Miroşkinin digər cinayətlər törətməsi də istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər olarsa, bu barədə Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzinə, Sabunçu Rayon Polis İdarəsinə və ya 12-ci polis şöbəsinə müraciət edə bilərlər.