REGİONLAR
Xızıda fermada silah-sursat tapılıb VİDEO
Xızı, 7 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Xızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində qanunsuz odlu silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən Giləzi qəsəbə sakini Elxan Abbasovu saxlayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, hal şahidlərinin iştirakı ilə onun qəsəbə ərazisində yaşadığı fermaya keçirilən baxış zamanı əl qumbarası, partladıcı, bir ədəd AK-74 markalı avtomat, 56 ədəd patron və iki ədəd sandıqca aşkar edilərək götürülüb.
Polis əməkdaşları tərəfindən aşkar olunan əl qumbarası və partladıcı aidiyyəti üzrə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əməkdaşlarına təhvil verilib. Odlu silah isə hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsinin araşdırılması üçün ekspertizaya təqdim olunub.
İlkin dindirilmə zamanı E.Abbasov silah və döyüş sursatının çay kənarında tapdığını bildirib.
Faktla bağlı Xızı RPŞ-nə cinayət işi açılıb, istintaq davam etdirilir.