REGİONLAR
Xocavəndli məcburi köçkünlər “Bayrağımız qürur mənbəyimizdir” devizi altında yürüş ediblər
Beyləqan, 9 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə “Bayrağımız qürur mənbəyimizdir” devizi altında yürüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dövlət Bayrağı Gününün qeyd edilməsi, gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi məqsədilə təşkil olunan yürüşdə gənclər 30 metr uzunluğunda olan üçrəngli bayrağımızı 1,5 kilometr məsafəni qət edərək qəsəbənin giriş hissəsindən Bayraq meydanına qədər çiyinlərində daşıyıblar. Yürüş zamanı iştirakçılar bayraqla və vətənpərvərliklə bağlı müxtəlif şüarlar səsləndiriblər.
Tədbir çərçivəsində milli adət-ənənələrimiz nümayiş etdirilib, kitablar sərgilənib. İdmançıların nümunəvi çıxışları maraqla qarşılanıb. Musiqili-əyləncəli konsert zamanı vətənpərvərlik mövzusunda şeirlər söylənilib, mahnılar, muğam və təsniflər ifa olunub, milli və müasir rəqslər nümayiş etdirilib.