REGİONLAR
15 İyun - Milli Qurtuluşdan Böyük Qələbəyə aparan yol
Füzuli , 12 iyun, Aydın Yavərzadə, AZƏRTAC
Füzulidə 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı silsilə tədbir keçirilir. Növbəti tədbirdə də Ulu Öndərin Azərbaycan üçün göstərdiyi əvəzolunmaz xidmətləri xatırlanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Füzuli Rayon İcra Hakimiyyətinin və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Horadiz şəhər Heydər Əliyev Mərkəzində keçirilib. “Milli Qurtuluşdan Böyük Qələbəyə aparan yol” adlı tədbirdə pandemiya qaydaları gözlənilməklə yuxarı sinif şagirdləri və müəllimlər iştirak ediblər.
Tədbirdə Ulu Öndərin ömür yolu və dövlət idarəçiliyi haqqında çıxışlar dinlənilib. Horadiz şəhər 2 nömrəli və 3 nömrəli tam orta məktəblərin tarix müəllimləri Hikmət Xudiyev və Kənan Quliyev Ulu Öndərin həyat və fəaliyyətindən danışıblar. Bildirilib ki, Heydər Əliyevin Azərbaycanın ən çətində günlərində hakimiyyətə gəlməsi dövlətçiliyimizi dağılmaqdan xilas etdi. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu. Qısa müddətdə dünyada tanınan Azərbaycan güclü dövlətə çevrildi.
Diqqətə çatdırılıb ki, Ulu Öndərin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Siyasi arenada güclü dövlətə çevrilən Azərbaycanın iqtisadi və hərbi gücü də artıb. Ötən ilin sentyabrında mənfur düşmənin təxribatına cavab olaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu əks hücuma başladı və 44 günlük Zəfər yürüşündə Ermənistan ordusu darmadağın edildi, torpaqlarımız azadlığa qovuşdu. Bu gün həmin ərazilərdə həyat canlanır, tikinti-quruculuq işlərinə start verilib və qısa müddətdə əhali öz doğma yurduna qayıdacaq.
Tədbirdə Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunan videoçarx izlənilib, məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.