SİYASƏT
20 YANVAR FACİƏSİ QURBANLARININ XATİRƏSİ YAD EDİLMİŞDİR
“20 Yanvar” cəmiyyəti Şəhriyar adına mədəniyyət sarayında 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirmişdir.
Cəmiyyətdən AZƏRTAC-a bildirmişlər ki, milli Məclis sədrinin müavini Gövhər Bəxşəliyeva, cəmiyyətin sədri Sahib Əlizadə, Yazıçılar Birliyinin sədri, Milli Məclisin deputatı Anar, Prezidentin İcra Aparatının sektor müdiri Ərəstun Mehdiyev və başqaları tədbirdə çıxış edərək 1990-cı il yanvarın 20-də dövlətimizə və vətəndaşlarımıza qarşı törədilən misilsiz vəhşiliyi sovet imperiyasının tarixində ən qara səhifələrdən biri adlandırmışlar. Natiqlər qeyd etmişlər ki, qanlı Yanvar hadisəsi zamanı imperiya ordusu hissələrinin, xüsusi təyinatlı dəstələrin, daxili qoşun birləşmələrinin görünməmiş qəddarlığı xalqımızın azadlıq və müstəqillik eşqini söndürə, onun iradəsini, mübarizə əzmini qıra bilməmişdir. Xalqımız hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, özünün milli tarixi qəhrəmanlıq ənənlərinə sadiq olduğunu, Vətənin azadlığı və suverenliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirmişdir.
Əməkdar artist, qiraət ustası Ağalar Bayramov şairlərimizin 20 Yanvar şəhidlərinə həsr olunmuş şerlərini söyləmiş, müğənnilərdən Ağadadaş Ağayev, Aygün Hümbətova vətənpərvərlik mahnıları ifa etmişlər.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Sabir şəhidlərin ruhuna yasin oxumuşdur.