REGİONLAR
20 Yanvar xalqımızın azadlıq mübarizəsinin şanlı səhifələrindəndir
Zaqatala, 18 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Qan yaddaşımıza silinməz faciə kimi yazılmış 20 Yanvar, eyni zamanda, xalqımızın tarixində qəhrəmanlıq səhifəsidir. Həmin müdhiş gecədə şəhid olan Vətən oğulları Azərbaycanın tarixinə şanlı səhifə yazıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər 20 Yanvar faciəsinin otuz birinci ildönümü ilə əlaqədar yanvarın 18-də Zaqatala rayon Heydər Əliyev Mərkəzinin və Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Zaqatala filialının birgə təşkilatçılığı ilə keçirilən vebinarda səsləndirilib.
Tədbiri Mərkəzin əməkdaşı Nərmin İbrahimova açaraq, 20 Yanvarın Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə həm də qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu bildirib.
Vebinarda ADİU-nun Zaqatala filialının müəllimi Əsmər Əlizadə 20 Yanvar faciəsinin milli kimliyimizin, gənc nəslin vətənpərvərlik ruhunun formalaşmasına təsiri barədə məruzə edib.
Universitetin 1-ci kurs tələbəsi Aynur Hüseynova, “PROGRO” Platformasının Zaqatala üzrə əlaqələndiricisi Fatma Fərhadlı çıxışlarında hər bir vətəndaşın öz Vətənini qorumağa mükəlləf olduğunu vurğulayıblar. Qeyd olunub ki, hər bir azərbaycanlı üçün Vətən məfhumu birinci yerdə olmalıdır. Vətəni həmişə sevmək və qorumaq lazımdır.