SİYASƏT
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü Parisdə qeyd olunmuşdur
Paris, 28 dekabr (AZƏRTAC). Azərbaycanın Fransadakı səfirliyinin və ölkəmizin UNESCO yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə dekabrın 27-də Parisdə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilmişdir.
Səfir Elçin Əmirbəyov Fransada bir çox tədbirlərin təşkil olunaraq həyata keçməsində soydaşlarımızın fəal iştirakını vurğulamışdır. Azərbaycanın maraqlarına uyğun tədbirlərin təşkilində gənclərin xüsusi rolunu da qeyd edən diplomat onların əməyini yüksək qiymətləndirmişdir.
E.Əmirbəyov 20 il bundan əvvəl Parisdə əsası qoyulmuş və müəyyən səbəblərə görə fəaliyyətini dayandırmış “Azərbaycan evi”nin yenidən ikinci həyatını yaşamağa başladığını demişdir. Diplomat qeyd etmişdir ki, səfirlik “Azərbaycan evi”nin fəaliyyətini daim dəstəkləməyə hazırdır.
“Azərbaycan evi” nin prezidenti Mirvari Fətəliyeva bildirmişdir ki, son illərdə dünyada Azərbaycanın mədəniyyətinə maraq çox artmışdır. Bu istiqamətdə Avropanın mədəniyyət beşiyi sayılan Fransada istər Heydər Əliyev Fondu, istər səfirliyimiz, istərsə də UNESCO yanında daimi nümayəndəliyimiz və Avropa Azərbaycan Cəmiyyəti tərəfindən bir sıra konsert proqramları, sərgilər, konfranslar uğurla təşkil edilmişdir. Diaspora təşkilatı olaraq bizim vəzifəmiz bu istiqamətdə aparılan işləri gücləndirməkdir. Bu çərçivədə nəzərdə tutulmuş bir çox layihələrimiz vardır.
M.Fətəliyeva qarşıdakı tədbirlərdən danışmış və Parisdə yaşayan soydaşlarımızı təşkilat ətrafında sıx birləşməyə çağırmışdır.
Sonda Azərbaycan mahnıları səsləndirilmiş və milli rəqslər ifa olunmuşdur.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris