ELM VƏ TƏHSİL
328 nömrəli tam orta məktəbində yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirilmişdir
Bakı, 16 sentyabr (AZƏRTAC). Sentyabrın 16-da Nizami rayonunun Keşlə qəsəbəsindəki 328 nömrəli tam orta məktəbdə yeni 2013-2014-cü tədris ilinin başlanması və Bilik günü münasibətilə tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş nitqi ilə açan məktəbin direktoru Leyla Baxşıyeva yeni tədris ilinin başlanması münasibətilə məktəbin şagirdlərini və birinciləri təbrik etmişdir.
Direktor Azərbaycan Prezidenti İlham Əliyevin başçılığı ilə ölkədə təhsil sahəsində həyata keçirilən islahatlar haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir ki, 2013/2014-cü tədris ilində məktəbin birinci siniflərinə ümumilikdə 110 uşaq qəbul olunmuşdur.
Tədbirdə çıxış edənlər Prezident İlham Əliyevə təhsil sahəsində yaradılan şəraitə, həyata keçirilən uğurlu təhsil islahatlarına görə təşəkkürlərini bildirmişlər.