SİYASƏT
40 saylı Kəpəz II (Gəncə) seçki dairəsinin dairə seçki komissiyası yeni inzibati binaya köçmüşdür
Gəncə, 5 oktyabr (AZƏRTAC). 40 saylı Kəpəz II (Gəncə) seçki dairəsinin dairə seçki komissiyası yeni inzibati binaya köçmüşdür.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə təşkil olunmuş mərasimi dairə seçki komissiyasının sədri Urfan Nəsirov açaraq oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ərəfəsində qurumun səmərəli fəaliyyəti üçün yaradılan şəraiti yüksək qiymətləndirmişdir.
Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək gündən-günə inkişaf edən, bütün sahələrdə uğurlu nailiyyətlər qazanan müstəqil respublikamızda seçki islahatlarının da aparıldığını, bunun da sayəsində demokratik seçki mühiti yarandığını diqqətə çatdırmışdır. O, dairə seçki komissiyasının belə bir yaraşıqlı, eləcə də ən müasir standartlara cavab verən avadanlıqla təchiz edilmiş bina ilə təmin edilməsini Azərbaycanın dinamik inkişafının göstəricisi kimi dəyərləndirmişdir.
Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov ölkəmizdə seçkilərin azad və şəffaf keçirilməsi üçün görülən işlərdən danışmışdır. Qeyd etmişdir ki, Azərbaycan artıq demokratik seçkilərin keçirilməsində zəngin təcrübə toplamışdır. Ölkəmizin bu təcrübəsi bir çox dövlətlər üçün nümunədir. İldən-ilə təkmilləşən seçki prosesi, dairə seçki komissiyaları üçün yeni inzibati binaların istifadəyə verilməsi, onların ən müasir texnologiyalarla təminatı, seçki ilə məşğul olan insanların bilik səviyyəsinin artırılması və bu sahədə maarifləndirilməsi seçkilərin daha demokratik keçirilməsinə müsbət təsir göstərir.
Bu il keçiriləcək prezident seçkilərinə daha ciddi hazırlıq işlərinin görüldüyünü diqqətə çatdıran MSK katibi onu da əlavə etmişdir ki, əvvəlki seçkilərdən fərqli olaraq bu seçkilərdə veb-kameraların sayı artırılaraq 1000 ədədə çatdırılmış, hərəkət etmək imkanları məhdud olanların, eləcə də gözdən əlillərin istədikləri namizədə səs vermələri üçün hər bir şərait yaradılmışdır. MSK katibi demişdir oktyabrın 9-da keçiriləcək prezident seçkilərində 1300 beynəlxalq, 45 min nəfər isə yerli müşahidəçi qeydiyyatdan keçmişdir ki, bu da ölkəmizdə seçki prosesinin daha demokratik keçiriləcəyinə təminatdır.
Sonra 40 saylı Kəpəz II seçki dairəsinin 18 saylı seçki məntəqəsinin sədri Ədalət Mehdiyev çıxış edərək oktyabrın 9-da Azərbaycanda prezident seçkilərinin azad və demokratik şəraitdə keçiriləcəyinə əminliyini ifadə etmişdir.
Sonra rəmzi lent kəsilmiş, iştirakçılar 40 saylı Kəpəz II (Gəncə) seçki dairəsi dairə seçki komissiyasının fəaliyyəti üçün yaradılan şəraitlə yaxından tanış olmuşlar.